Bu, İranın Azərbaycana qarşı olan münasibətidir- ÖZƏL
12 Avqust 2024 13:52 Siyasət"İran prezidentinin Əraqçinə xarici işlər naziri vəzifəsinin təklifi təbii ki, Azərbaycanda birmənalı qarşılanmır. Belə ki, bu şəxsin Azərbaycana qarşı heç də xoş olmayan münasibəti və 44 günlük savaşdan sonrakı proseslərə müdaxiləsi, səsləndirdiyi bəyanatlar onun bundan sonrakı dönəmlərdə Azərbaycanla münasibətlərdə heç də müsbət rol oynamayacağını göstərir".
_(1)_(2)_(1).jpg)
Bu fikirləri politoloq Oqtay Qasımov bildirib:
"Təbii ki, kimlərisə hansısa vəzifəyə təyin etmək İran prezidentinin və İranın daxili işidir. Amma düşünürəm ki, İran prezidenti, o cümlədən ali rəhbər bu siyasətdə müəyyən dəyişiklik edəcəklərsə, təbii ki, xarici işlər naziri də ona uyacaq. Yəni, burada daha çox Xamenei və onun komandasının məsələyə münasibəti önəmlidir. Təəssüf ki, İrandakı rəsmilərin Azərbaycana münasibəti yalnız onlar şəxsləri ilə bağlı deyil. Bu, İranın Azərbaycana qarşı olan münasibətidir. Belə ki, İranın xarici siyasət doktrinasında Azərbaycan Respublikasına qarşı yönəlmiş bəndlər var və orada Azərbaycan İranın təhlükəsizliyinə təhdid olaraq göstərilir. Məhz bu zehniyyət dəyişməyincə, xarici siyasət doktrinasında bu müddəalar korrektə olunmayınca hansısa şəxsin hansısa mövqedə olması çox da böyük önəm daşımayacaq. Bu baxımdan bir daha qeyd etmək istəyirəm ki, İranın özünün Azərbaycana dövlət olaraq münasibəti dəyişməyənə qədər hansısa bir nazir kürsüsündə kimin oturmasından asılı olmayaraq o siyasətdə hansısa ciddi dəyişikliklər olmayacaq".
Zeynəb Rzayeva