Mərkəzi Asiya dövlətlərinin hamısı ilə Azərbaycanın yüksək əməkdaşlıq münasibətləri var - ÖZƏL

"Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri həmişə qarşılıqlı maraqların üstündə qurulub".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

"Burada tarixi əlaqələr, dini, milli, etnik köklərin eyniliyi də təbii ki, müəyyən qədər təsir rolunu oynayıb. Amma Azərbaycan elə bir coğrafiyada yerləşir ki, indiyə qədər Azərbaycanın uzaq Asiyadan gələn yolların üzərində Avropaya körpü rolunu oynaması Mərkəzi Asiya dövlətlərinin də mənafelərinə yüksək dərəcədə cavab verib. Eyni zamanda, Azərbaycan həm öz maraqları çərçivəsində, həm də Mərkəzi Asiyanın qardaş türk dövlətlərinin maraqları çərçivəsində Şimal, Cənub, Şərq, Qərb nəqliyyat marşrutlarının bütün infrastrukturlarının öncədən yaradılmasına təşəbbüs göstərdi və bunlara müəyyən qədər də nail oldu. Bu gün Mərkəzi Asiyanın dövlətlərinin hamısı ilə Azərbaycanın yüksək əməkdaşlıq münasibətləri var. Bu münasibətlər ən müxtəlif sosial, iqtisadi, mədəni, siyasi, strateji və təhlükəsizlik sahələrini əhatə edir. Xüsusilə də beynəlxalq təşkilatlarda Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında tam işbirliyi və qarşılıqlı əlaqəli fəaliyyət var. Dünyanın bəlkə də ikinci elə bir bölgəsini tapmaq çətindir ki, orada dövlətlər bir-birinə bu qədər çox sayda regional təşkilatlar vasitəsi ilə bağlı olsunlar. Biz Azərbaycanın Orta Asiya dövlətləri ilə əməkdaşlığına Türk Dövlətləri Birliyi Təşkilatı xəttindən baxa bilərik. Daha sonra, Mərkəzi Asiya dövlətlərinin dövlət başçılarının sammiti formatı çərçivəsində baxa bilərik, Asiyada Qarşılıqlı Etimad və Fəaliyyət üzrə Məşvərət təşkilatının çərçivəsində baxa bilərik. Bundan başqa, biz Mərkəzi Asiya və Azərbaycanın əlaqələrinə beynəlxalq orta dəhlizdə maraqlar çərçivəsində baxa bilərik. Eyni zamanda, Mərkəzi Asiya ölkələrinin xammal və ehtiyatlarının məhsullarının Avropaya Azərbaycan üzərindən nəqli məsələsində sıx əməkdaşlıq çərçivəsində bütün bu əməkdaşlıqların gerçəkləşməsində Azərbaycanın təbii ki, həmişə təşəbbüskar və qabaqlayıcı rolu olub və Mərkəzi Asiyanın dövlətləri də Azərbaycanın həm 30 il məruz qaldığı təcavüz zamanı, həm də Vətən müharibəsi vaxtı Azərbaycanın haqlarına və hüquqlarına, mənafelərinə lazımi dəstək veriblər. Biz elə bu gün də Azərbaycanın azad rayonlarının bərpasında Mərkəzi Asiyanın bəzi ölkələrinin çox fəal iştirakını görürük. 
Ən sonuncu hələlik əməkdaşlıq formatı olaraq Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın enerji sistemlərinin əlaqələndirilməsi ilə bağlı razılaşmadan danışa bilərik ki, bu da Qazaxıstandan başlamış Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən Avropaya yaşıl dəhlizin yaradılmasında ilkin həlqə rolunu oynayacaq. Bu imkan verəcək ki, həm Qazaxıstan, həm də Özbəkistanın istehsalı olan yaşıl enerji bərpa olunan enerji Azərbaycanın analoji sistemləri ilə birləşərək Avropanın enerji təminatında yeni mənbə yaratsınlar. Əlbəttə, bu, Azərbaycanın böyük səyləri və qabaqlayıcı fəaliyyəti sayəsində mümkün olub. 
Yəqin ki, Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın əməkdaşlığını meydana çıxacaq. Çünki bu ölkələrin arasında fikir ayrılığı doğura biləcək heç bir məsələ yoxdur. Əksinə, əməkdaşlığın genişləndirilməsi üçün hələ açılmamış xeyli potensiallar və perspektivlər var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31