Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda maraqlıdır

Qədim tarixi köklərə malik olan Azərbaycan-Qazaxıstan münasibətləri bu gün tarixinin ən parlaq dövrünü yaşayır. Ortaq tarixi dəyərlərə, mədəniyyətə malik iki qardaş xalqın əməkdaşlığı ən yüksək zirvədədir. Bu iki qardaş ölkə istər ikitərəfli, istərsə də beynəlxalq aləmdə bir-birinə yüksək dəstək nümayiş etdirir. Türk Dövlətləri Təşkilatında, eləcə də digər beynəlxalq təşkilatlarda hər iki ölkənin bir-birinə qarşılıqlı dəstəyi milli mənafelərə xidmət edir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkələrimiz arasındakı dostluq münasibətləri Prezident İlham Əliyevin və Prezident Kasım-Jomart Tokayevin səmimi münasibətləri nəticəsində daha da dərinləşib. Məhz dövlət başçılarının qarşılıqlı çoxsaylı səfərləri iqtisadi, ticarət və siyasi münasibətlərimizə geniş töhfə verməkdədir. Prezident İlham Əliyevin qardaş ölkəyə çoxsaylı səfərləri, eləcə də Qazaxıstan Prezidentinin səfərləri ölkələrimizin münasibətlərinin daha da sıx olmasına xidmət edən faktordur.
Bu gün Qazaxıstanla bir çox sahələrdə qurduğumuz qarşılıqlı əlaqələr hər iki ölkənin mənafeyinə uyğundur. Məhz Trans Xəzər marşrutunun işə salınması ölkəmizin tranzit əlaqələrinə mühüm töhfə verir. Hazırda Şərqdən-Qərbə ticarət dövriyyəsinin əsas daşınması məhz ölkəmizin ərazisindən tranzit keçidlə təmin olunur. Bu təkcə iqtisadi məsələ deyil, həm də bir çox sahələrdə Azərbaycanın strateji önəmini dünyaya nümayiş etdirir. Təbii ki, tranzit əlaqələrdə qardaş Qazaxıstanın rolu böyükdür. Bütün sahələrdə ölkəmizlə həmrəylik sərgiləyən və strateji tərəfdaşımız olan bu ölkə bizim üçün olduqca vacibdir.
Qeyd etmək lazımdır ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə qardaş ölkənin Füzuli şəhərində inşa etdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi həm də dövlətlərimiz arasında olan dostluğun, qardaşlığın əsas simvollarından birinə çevrilməkdədir. Bundan başqa, Qazaxıstanın dövlət başçısının ölkəmizə səfəri, Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının keçirilməsi olduqca mühüm tarixi hadisədir. Heç şübhəsiz ki, səfər zamanı imzalanmış sənədlər bir çox sahədə əməkdaşlığımızın inkişafına xüsusi töhfə verəcək.
Qazaxıstanın hər zaman ərazi bütövlüyümüzü dəstəkləməsi və münaqişənin dinc yolla nizama salınması ilə bağlı Ermənistana verdiyi ciddi mesajlar bizim üçün olduqca dəyərlidir. Qeyd etməliyəm ki, Azərbaycan tarixinin ən böyük hadisələrindən biri olan və tarixi torpaqlarımızın düşməndən azad edilməsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsində ölkəmizin Qələbəsi həm də Azərbaycanın dostlarının qələbəsi idi. Məhz 30 ilə yaxın müddət ərzində məcburi köçkün kimi yaşamış vətəndaşlarımız artıq öz dədə-baba yurdlarına geri dönürlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə başlanılmış genişmiqyaslı abadlıq və quruculuq işləri nəticəsində yaşayış kompleksləri tikilir, bağça, məktəb, xəstəxana kimi vacib infrastrukturlar yaradılır. Bu gün Azərbaycan və Qazaxıstan dövlət başçılarının birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər etməsi, Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olduqca əlamətdar hadisədir. Dövlət başçılarının Füzuli şəhərində inşa olunmuş bu məktəbin açılışı zamanı incəsənət xadimləri ilə yanaşı, gələcəkdə bu məktəbdə təhsil alacaq uşaqlarla görüşməsi də böyük əhəmiyyət kəsb edir. Bu gün Qazaxıstanla bir çox sahələrdə qurduğumuz qarşılıqlı əlaqələr hər iki ölkənin mənafeyinə uyğundur.
 Azərbaycan təkcə Qazaxıstanla deyil, eləcə də digər Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda maraqlıdır. Etiraf edilməlidir ki, sözügedən dövlətlər arasında əlaqələrin genişlənməsində Azərbaycan prezidemti İlham Əliyevin müstəsna xidmətləri var. Məhz bu amillər nəzərə alınaraq Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycanın dövlət başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfər edib. Xatırladaq ki, Qafqaz və Mərkəzi Asiya arasındakı əlaqələr tarix boyu ticarət yolları, mədəni mübadilələr və diplomatik əlaqələr vasitəsilə inkişaf edib. Tarixən İpək Yolu bu iki region arasında iqtisadi və mədəni əlaqələrin inkişafında mühüm rol oynayıb. Azərbaycan və Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan) müstəqillik əldə etdikdən sonra, 1990-cı illərin əvvəlində diplomatik əlaqələr qurublar. İqtisadi əməkdaşlıq Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ən mühüm əlaqələrdən biridir. Azərbaycan enerji resurslarına malik olan bir ölkə olaraq, Mərkəzi Asiya ölkələri ilə enerji sektorunda sıx əməkdaşlıq edir. Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri və Cənub Qaz Dəhlizi layihələri Mərkəzi Asiya qaz və neftinin dünya bazarlarına çıxışını təmin edir.
Gələcəkdə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin daha da genişlənməsi gözlənilir. Xüsusilə, enerji, nəqliyyat və ticarət sahələrində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin gücləndirilməsi regionun sabitliyi və inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı əlaqələr son illərdə mühüm əhəmiyyət kəsb edir və bu əlaqələr regional sabitlik, iqtisadi inkişaf və təhlükəsizlik baxımından əhəmiyyətli rol oynamaqdadır. Onu da qeyd edək ki, Azərbaycanın regional təhlükəsizliyi təmin etmək və sabitliyi qorumaq üçün Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı vacibdir. Terrorizm, narkotik ticarəti və digər transsərhəd təhlükələrə qarşı birgə mübarizə tədbirləri, Azərbaycanın Mərkəzi Asiyada maraqlarını müdafiə etmək üçün əhəmiyyətlidir. Mərkəzi Asiya ölkələri Rusiya və Çin kimi güclü qonşularla əhatə olunub. Azərbaycan bu iki böyük gücün təsirini balanslaşdırmaq və öz müstəqil siyasətini həyata keçirmək üçün Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı artırmağa çalışır. Bu, Azərbaycanın xarici siyasətində çoxvektorlu yanaşmanın bir hissəsidir.

Alim
 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31