Azərbaycanın Orta Asiya ölkələri ilə uğurlu əlaqə perspektivləri- ÖZƏL
9 Avqust 2024 15:40 Siyasət"Azərbaycan Prezidentinin Qazaxıstana səfəri əlbəttə ki, vacib bir səfərdir. Orada Orta Asiya dövlət başçılarının Zirvə toplantısına qatılır. Artıq bu ikinci toplantıdır ki, Azərbaycan Prezidenti ora dəvət alır".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Nəzərə alsaq ki, Azərbaycanın Orta Asiya ilə əlaqələri son bir neçə ildə intensiv şəkildə inkişaf edir və ticarət dövriyyəsi artıq faizlərlə deyil, dəfələrlə artımla müşahidə olunur, bu kifayət qədər perspektivli bir istiqamətdir. Digər tərəfdən nəzərə alsaq ki, Azərbaycan Prezidenti andiçmə mərasimində çıxış edərkən Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətinin türk dünyası və Türk Dövlətləri Təşkilatı olduğunu qeyd etdi, bu baxımdan Azərbaycanla Orta Asiyanın hər tərəfli, bütün istiqamətlərdə əməkdaşlıq formatları var. Xüsusilə də Orta Asiya ilə Azərbaycan Orta Dəhlizin əsas komponentidir və Orta Asiya ölkələrilə nəqliyyat, enerji, iqtisadiyyat, humanitar, mədəni sahələrdə də əlaqələr genişlənməkdədir. Birgə investisiya fondları yaradılır. Orta Asiya Türk Cümhuriyyətləri də Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini dəstəkləyir və bərpa olunan ərazilərdə özləri töhfələrini verirlər ki, bunlar böyük addımlardır. Ümumiyyətlə, Azərbaycanın Orta Asiya dövlətləri ilə bundan sonrakı əlaqə perspektivlərini çox uğurlu və bütün tərəflər üçün məsuldar, effektiv, maraqlara uyğun bir siyasət hesab edirəm. Gələcək perspektivini də müsbət dəyərləndirirəm".
Zeynəb Rzayeva