Ermənistanın Rusiyadan dönüşü artıq qarşısıalınmaz bir prosesə çevrilib - ÖZƏL

"Görünür ki, xanım Zaxarova acı reallığı etiraf etməklə barışmaq istəmir".

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Ermənistan faktiki surətdə Rusiyanın çevrəsindən çıxmaq üçün bütün vasitələrdən istifadə edir, xeyli dərəcədə Rusiyadan uzaqlaşıb. Bu gün erməni cəmiyyəti də, sıravi erməni xalqının böyük hissəsi də, Ermənistanın dövlət və siyasi elitasının mühüm və həlledici bir hissəsi Rusiyadan artıq üz döndərib. Buna görə də Zaxarovanın bu reallığı etiraf edib-etməməsindən asılı olmayaraq, vəziyyət bundan ibarətdir ki, Ermənistan sürətlə Rusiyanın çevrəsindən uzaqlaşmaqdadır. Bunu əslində çoxdan görmək lazım idi ki, Rusiya Azərbaycan və Ermənistan arasında dəyişən situasiyalar siyasəti aparmaqla böyük səhvə yol verir. İlk əvvəl Ermənistanı dəstəkləməklə Rusiya Azərbaycanın maraqlarına zərbə vurdu. Sonra Azərbaycanın haqqına hörmətlə yanaşmaqla, Ermənistanın iddialarına və istəklərinə böyük zərbə vurdu və təbii ki, bununla Ermənistan elitası da, Ermənistan cəmiyyəti də barışmayacaq. Ona görə də, bu gün Rusiyanın Ermənistana faktiki surətdə təsir göstərmək imkanları demək olar ki, sürətlə azalmaqdadır və hətta elə bir vəziyyət yarana bilər ki, Rusiya Ermənistana təsir göstərmək üçün əlindəki mövcud imkanların hamısını itirə bilər.
Rusiyanın siyasi rəhbərliyinin bəlkə də ümidi, inamı onadır ki, Gürcüstandakı kimi nə vaxtsa Ermənistanda da ictimai rəydə Rusiyanın xeyrinə dönüş başlaya bilər və bu dönüş də ona gətirib çıxara bilər ki, Ermənistanda da İvanişvili kimi siyasətçi yetişər və Ermənistanı yenidən köhnə əyyamlara qaytarar. Amma burda bir nüansı ciddi şəkildə nəzərə almaq lazımdır ki, Gürcüstandan fərqli olaraq Ermənistanda həm cəmiyyət, həm dövlət elitası, həm də siyasi elitanın içində Rusiyadan dönmə və incimə prosesi gedib. Belə şəraitdə tək-tək adamların Ermənistan cəmiyyətinin və siyasi elitanın fikrini büsbütün yenidən Rusiya tərəfə dönərməsi çox çətin ola bilər. Yəni, hətta Paşinyandan sonra yeni bir şəxsin hakimiyyətə gəlməsi və yaxud da ki, Rusiyanın maraqlarına birmənalı xidmət edən kiminsə hakimiyyətə gəlməsi çətin ki, Ermənistanda həm ictimai rəyi, həm də siyasi elitanın rəyini Rusiyanın xeyrinə dəyişə bilsin. Buna görə də Ermənistanın hesab etmək lazımdır ki, Rusiyadan dönüşü artıq mənim fikrimcə, qarşısıalınmaz bir prosesə çevrilib. Əgər Rusiya bundan sonra da həm Azərbaycanı, həm də Ermənistanı öz təsir dairəsində saxlamağa cəhd göstərsə, bu, onun növbəti səhvi olacaq. Nəhayət, Rusiya da seçim etməlidir ki, bu bölgədə onun strateji müttəfiqi kimdir. Azərbaycandır, ya Ermənistandır? Ermənistana da "qardaşım" deyəcəksə, Azərbaycana da "qardaşım" deyəcəksə, bunların ikisini də əvvəlki kimi təsir altında saxlamaq Rusiya üçün çox çətin olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31