İranın hərbi potensialı balanslara təsir etmək imkanına malikdir- ÖZƏL

"İran Yaxın Şərqin ən böyük ordularından birinə sahibdir. 580 min əsgəri olan ordunun 200 000  ehtiyat əsgəri mövcuddur.  
İran həm də Yaxın Şərqdə ən böyük ballistik raket ehtiyatına malik ölkələrdən biridir. Uzaqmənzilli ballistik raketlər uzaq hədəflərə, xüsusən də İsrailə çatmağa qadirdir. "Sejil" raketinin 2500 kilometr mənzilə sahib olduğu və saatda 17 min kilometr sürətə çata biləcəyi iddia edilir. Xeybar raketi 2 min kilometr uçuş məsafəsinə malikdir".

Bu fikirləri politoloq Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib:

"İran 2023-cü ildə ilk hipersəs ballistik raketini istehsal etdiyini açıqlayıb. Hipersonik raketlər səsdən beş dəfə daha sürətli hərəkət edir və adi raketlərə nisbətən qarşısını almaq daha çətin olan təhlükə yaradır. İranın hərbi hava qüvvələri tez-tez köhnəlmiş texnika ilə təchiz edilir". 

Politoloq qeyd edib ki, Yeraltı raket bazaları və gizli sursat anbarları İranın hava hücumlarından qorunmaq üçün inkişaf etdirdiyi müdafiə tədbirləri sırasındadır.

"İran Fars körfəzi və Hörmüz boğazında nəzarəti saxlamaq üçün kiçik sualtı qayıqlardan və hücum katerlərindən istifadə edir. Bu qüvvələr asimmetrik müharibə strategiyaları çərçivəsində xüsusilə neft daşınmalarını pozmaq və ya düşmən gəmilərinə hücumlar təşkil etmək üçün mühüm rol oynayır.
İran son illərdə dron texnologiyasına böyük sərmayə qoyub. 2500 kilometr məsafəyə malik olan və aşkarlanmamaq üçün alçaqdan uça bilən dronlar hazırlanıb. "Muhacir 10" adlı pilotsuz təyyarə ötən il təqdim edilib.
İran bu dronlardan təkcə öz əməliyyatlarında istifadə etmir, həm də ixrac edir. İran pilotsuz təyyarələrinin Rusiya tərəfindən Ukrayna və Sudandakı münaqişələrdə istifadə edildiyi barədə məlumatlar var.
Bu gün İran raketlər, pilotsuz təyyarələr və bəzi zirehli maşınlar kimi öz hərbi texnikasını istehsal etməyə başlayıb. Bununla belə, o, hələ də döyüş gəmiləri və müasir zirehli maşınlarda irəliləyiş əldə etməyə çalışır.
İranın hərbi strategiyası əsasən çəkindirmə üzərində qurulub. Bu strategiya İranın regionda və qlobal səhnədə mövcudluğunu qorumaq və rəqiblərini tarazlaşdırmaq məqsədinə xidmət edir. İranın proxy qüvvələri, raket tutumu və pilotsuz təyyarə proqramı bu strategiyanın ən mühüm elementlərindəndir. Bu elementlər İranı istənilən birbaşa münaqişədə, xüsusən də İsrail kimi regional rəqiblərə qarşı ciddi təhlükə mənbəyinə çevirir".
Politoloq Züriyə Qarayevanın fikrincə, İranın hərbi potensialı və strateji yeri həm regional, həm də qlobal səviyyədə balanslara təsir etmək potensialına malikdir.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31