ABŞ Ermənistanı hərbi baza kimi istifadə etməyə çalışır- ÖZƏL
8 Avqust 2024 13:10 Siyasət"Cənubi Qafqaz məsələsi bir az daha qarışıq bir geosiyasi vəziyyətlə xarakterizə olunur, elə Amerika Birləşmiş Ştatlarının Ermənistana yardımı da bu kontekstdə birmənalı dəyərləndirilir. Burada Cənubi Qafqaza yönəlik yanaşma görə bilirik. Bu məsələyə fərqli aspektlərdən yanaşmaq lazımdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Həşim Səhrablı bildirib:
"Birincisi, bəli, Cənubi Qafqaz kontekstində olan yanaşmadır ki, bu kontekstdə Amerika Birləşmiş Ştatlarının Ermənistanı qorumaq üçün yeri gəlsə, Azərbaycanla da münasibətlərini görməzdən gəldiyi bir reallıq qarşımıza çıxır. Nəyə görə? Çünki Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün bu bölgə dövlətlərini ələ almaq istəyir. İndiki situasiyada isə Gürcüstan və Azərbaycanı öz forpostuna çevirə bilmir, öz maraqlarının təminatçısına çevirə bilmir. Azərbaycan onsuz da müstəqilliyini bərpa edəndən tam müstəqil xarici siyasət yeritməyə çalışır və müəyyən mənada buna nail də olur. Gürcüstan isə, məsələn, Saakaşvili iqtidarıyla Qərbə inteqrasiya etsə də, sonrakı iqtidarlarda biz artıq görürük ki, Azərbaycan təcrübəsini istifadə etməyə çalışır. Nə Rusiyanın, nə ABŞ-nin, nə Şərq və Qərb blokunun birmənalı tərəfdaşına çevrilmir, hər tərəflə bərabər standartlarla əlaqə qurmağa çalışır. Ermənistan bugünkü reallıqda tamamilə Qərbə istiqamətlənmiş, Qərb ilə əlaqələrinə xüsusi önəm verən bir dövlət kimi bizim qarşımıza çıxır. Bu nöqtədə Amerika Birləşmiş Ştatları hazırkı Ermənistan iqtidarının devrilməməsi və öz siyasi xəttini davam etdirib Qərbə daha çox inteqrasiya etməsi üçün onu necə var, nə lazımdırsa və hərtərəfli şəkildə dəstəkləməyə çalışır. Bu da əslində bir növ Azərbaycana qarşı yönəlsə də, ABŞ-nin daha çox özünü regiona gətirib, regionda maraqlarını qorumaq və regionda bərkimək addımlarının bir təzahürüdür. Burada digər bir baxış da var. ABŞ Ermənistanı artıq özünün Rusiya və İrana qarşı qlobal mübarizəsində hərbi baza kimi istifadə etməyə çalışır. Həm Cənubi Qafqazda Ermənistan üzərindən Rusiya və İran təsirini azaldıb öz təsirini artırmaq, həm də elə bir çox məsələlərdə bu iki dövlətin özünə qarşı da Ermənistan coğrafiyasından öz istifadə edə biləcəyi bir geosiyasi vəziyyət formalaşdırmaq. Çünki biz bilirik ki, Amerika Birləşmiş Ştatları ərəb dövlətləri ilə sıx əlaqələri nəticəsində Pakistanda, İraqdakı, Suriyadakı, İsraildəki hərbi təsirləri sayəsində bir növ blokadaya almaq istəyir, bunu Azərbaycanda edə bilmədi. Bunu Türkiyədə edə bilmədi. Ən azından çalışır ki, həmin bu şimal sərhədlərində, heç olmasa Ermənistan üzərindən artıq buna nail ola bilsin. İndiki məqamda bu mümkün görünməsə də, irəliləyən zamanlarda və xüsusən Paşinyan iqtidarının birmənalı şəkildə Qərblə yaxınlaşması fonunda əlbəttə ki, reallaşmayacaq deyə bir ehtimal da yoxdur. Yəni Amerika Birləşmiş Ştatları hal-hazırda mümkünsüz görünən bir şeyi reallaşdırmağa çalışır. Eyni zamanda Rusiyanın da regional təsirlərini sıfırlamaq üçün Ermənistanı ondan uzaqlaşdırmaqla qalmaq istəmir. Artıq tamamilə Ermənistandakı rus hərbi, siyasi, iqtisadi varlığını azaltmağa və onun yerini Amerika varlığı ilə doldurmağa çalışır. Ancaq bütün bu planlar, bütün bu istəklər, təbii ki, Rusiya və İranın maraqlarına zərər verdiyi kimi, elə başda Azərbaycanın maraqlarına zərər verə bilər. Nəyə görə? Çünki istənilən halda Rusiya böyük dövlətdir, nüvə silahları var, rəqiblərini çəkindirmək üçün hərbi texniki imkanları daha genişdir. İran da bu mənada müəyyən üstünlüklərə malikdir. Amma gəlin etiraf edək ki, bu gün Azərbaycanın nüvə silahı olmaması, kifayət qədər uzaq mənzilli və ya ballistik raketləri olmadığı üçün Ermənistanın silahlandırılması Azərbaycanı bir nöqtədən sonra daha çətin vəziyyətlə üzləşdirə bilər. Rəsmi şəxslərin dilindən dəfələrlə eşitmişik ki, Ermənistanın silahlanmasını bu ölkədə revanşist addımların, revanşist istəklərin yenidən ümidlənməsi kimi görür. Həqiqətən də Ermənistana silah gəldikcə orada ritorikanın dəyişdiyini görməkdəyik. Ona görə də artıq Ermənistanın daxil olduğu bu təhlükəli siyasi yolla Rusiya və İranla bərabər Azərbaycanın haqlı narazılıqlarını görməkdəyik. Hər halda necə ki, Rusiya və İran Ermənistanın Amerika ilə dərinləşən bu əlaqələrinə qarşı müəyyən bir yol izləyəcəklər, müəyyən bir əks addımlar görəcəklər, Azərbaycan da öz maraqlarının müdafiəsi üçün lazım olan tədbirləri həyata keçirmək iqtidarındadır və buna tam hüququ da çatır. İndi gələcəkdə nələr baş verəcək? Bunları isə Ermənistanın sonrakı addımları müəyyən edəcək".
Zeynəb Rzayeva