Bu addımlar bölgədə sülhə xidmət etməyəcək- ÖZƏL

"ABŞ-nin Ermənistanı silahlandırması, əslində, gizli formada həyata keçmir. Artıq Zvartnots hava limanında rus sərhədçiləri çıxarılandan sonra həm Amerika, həm Ermənistan rahat şəkildə Ermənistan ərazisinə silah-sursat daşınmasını həyata keçirə bilərlər". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib:

"Çünki Zvartnots hava limanında rus sərhədçiləri olanda onlar Ermənistanı dünyaya bağlayan yeganə qapıdan kimin gəlib-getdiyini, hansı yüklərin gətirildiyini rahat şəkildə görə bilirdilər. O ki  qaldı ABŞ-nin silah sursat göndərməsinə, təbii ki, bu gözlənilən bir hadisə idi. Belə ki, keçən ilin sonlarından ABŞ əslində, mövqeyini açıqlamışdır. Biz keçən ilin sentyabr və noyabr aylarında ABŞ konqresində keçirilən dinləmələrdə dövlət katibinin müavinlərinin bəyanatlarını xatırlasaq, yetərlidir. Bu ilin 5 aprelində Brüsseldə keçirilən üçtərəfli görüşdə də müzakirə olunan əsas məsələ Ermənistandakı təhlükəsizlik və hərbi yardımla bağlı  məsələlərdir. Baxmayaraq ki, Entoni Blinken və Avropa İttifaqının nümayəndəsi guya həmin görüşdə Ermənistana iqtisadi yardımla bağlı məsələlərin müzakirə olunacağını bəyan etmişdilər. Amma biz bilirdik ki, bu belə deyil. ABŞ-nin Ermənistanı silahlandırması, hərbi təlimlər keçməsi, bölgəyə artıq amerikan əsgərlərinin də gətirilməsi bölgədə sülhə xidmət etməyəcək. Bu vəziyyət bölgədə gərginləşdirməyə hesablanıb. Məhz  Amerikanın, Fransanın bu davranışları və Hindistanın Ermənistana silah satması Ermənistanda artıq yenidən revanşist duyğuları gücləndirir. Ermənistan hakimiyyəti də diqqət edirsinizsə, sülh danışıqlarından yayınmağa çalışır və bunu gecikdirir. Yəni, Amerikanın bu addımı bölgədə sülhə xələl gətirəcək bir addımdır. Bu yalnız Rusiyaya qarşı deyil, eyni zamanda həm  Azərbaycan, həm Türkiyəyə qarşı yönəlmiş bir addımdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31