Elçin Xalidbəyli: Rusiya Ermənistanla münasibətləri dəyişmək üçün 2026-cı ili gözləyir- ÖZƏL
8 Avqust 2024 12:28 Siyasət"Ermənistan Rusiyadan çoxdan üz döndərib. İkinci Qarabağ savaşının nəticələri bəlli olduqdan sonra Paşinyan Ermənistanın biabırçı hərbi məğlubiyyətini, siyasi məsuliyyətini tamamilə Rusiyanın üzərinə yıxaraq, Kremlə xəyanət edib və Qərbə yaxınlaşmaq siyasi kursu götürüb. Hazırda da bu istiqamətdə irəliləyir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:
"Artıq son məlumatlara görə, Amerika Birləşmiş Ştatları Ermənistanda hərbi kontingent yerləşdirib. Həmin məlumatlara görə, Ermənistanda yerləşdirilən ABŞ hərbi kontingenti Amerika ordusunda xidmət göstərən etnik ermənilərdən ibarətdir və bu hərbi kontingent ən müasir silahlarla təchiz olunub. Ermənistan ordusunun hərbi forması geyindirilərək Zəngəzur bölgəsindəki Ermənistan ordusunun bazasında yerləşdirilib. Yəni müəyyən mənada bu hərbi kontingent, yəni Amerika Birləşmiş Ştatlarının Ermənistanda hərbi baza yaratması ört-basdır edilib, məxfi xarakter daşıyır. Ancaq belə anlaşılır ki, artıq ABŞ-nin bu addımı ifşa olunub və ortaya çıxıb".
E.Xalidbəylinin sözlərinə görə, Rusiya hələlik Ermənistanın ardıcıl xəyanətlərinə tolerant yanaşmağa çalışır:
"Böyük ehtimalla, Kremldə hesab edirlər ki, bu, bütövlükdə Ermənistanın deyil, Paşinyan hakimiyyətinin xəyanətidir. Ona görə də belə ehtimal etmək olar ki, Kremldə səbrlə gözləyirlər ki, növbəti parlament seçkilərində Ermənistanda hakimiyyət dəyişə bilər. Yəni Kremlin əsas ümidləri ona bağlıdır ki, Paşinyan hakimiyyəti 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində məğlub olacaq və Ermənistanda yeni hakimiyyət formalaşacaq. Bundan sonra da Rusiya və Ermənistan arasındakı mövcud problemlər fərqli istiqamətdə həll olunmağa başlayacaq. Belə düşünmək olar ki, əgər Rusiyanın bu ümidləri doğrularsa, Paşinyan hakimiyyəti dəyişərsə, Ermənistan və Rusiya arasındakı münasibətlər yenidən əvvəlki vəziyyətinə qayıda bilər. Eyni zamanda, yeni hakimiyyət Ermənistanı yenidən Rusiyanın forpostu vəziyyətinə qaytara bilər. Ancaq bu baş verməsə, Rusiya Ermənistanın xəyanətinə qarşı radikal addımlarını məhz 2026-cı ildən sonra atmağa başlaya bilər. Ermənistanın cəzalandırılması və Ermənistanla bağlı konkret qərarların qəbul olunması böyük ehtimalla 2026-cı ildən sonraya təsadüf edə bilər. O da ondan asılıdır ki, Paşinyan hakimiyyəti seçkilərdə məğlub olacaq, yoxsa qalib gələcək. Bu, böyük ehtimalla həm Rusiya-Ermənistan münasibətlərinin sonrakı inkişaf istiqamətlərini, həm də Ermənistanın gələcək taleyini müəyyən edə biləcək əsas siyasi proses hesab oluna bilər".
Qiymət Mahir