Azərbaycan dövlətinin ermənilər üzərində hər hansı öhdəliyi yoxdur - ÖZƏL

"Azərbaycanın öz vətəndaşları üzərində əlbəttə ki, öhdəlikləri var. Yəni hər bir dövlətin vətəndaşları üzərində öhdəlikləri var. Amma bununla bərabər vətəndaşların da dövlət qarşısında vəzifə və öhdəlikləri var. Həmin vətəndaşlar dövlət qarşısında öz vəzifə və öhdəliklərini yerinə yetirmədiyi təqdirdə dövlətin də onlara qarşı cəza tətbiq etmək hüququ var". 
 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Qarabağ ermənilərinə gəlincə, bəli, Azərbaycanın onlarla bağlı öhdəlikləri var idi. Amma artıq Azərbaycan bu öhdəliklərdən azaddır. Niyə? Ona görə ki, həmin ermənilər 30 il ərzində Azərbaycan torpaqlarında bölücülüklə məşğul olublar. Eyni zamanda, 2020-ci ilin 44 günlük savaşında  Azərbaycan dövlətinə qarşı onların böyük əksəriyyəti vuruşub dinc insanlarımızı öldürüblər, şəhərlərimizi, kəndlərimizi dağıdıblar. Eyni zamanda, Ermənistanın işğalı altında tutulan torpaqlarımızın talan edilməsində həmin vətəndaşlar - erməni vətəndaşları iştirak ediblər və s. Bütün bunların fövqündə isə erməni millətindən olan şəxslər  2023-cü il sentyabrın 19-20- də keçirilmiş lokal antiterror tədbiri zamanı  kütləvi   şəkildə Azərbaycan Respublikasının vətəndaşlığından imtina edərək bizim ərazimizi tərk ediblər. Yəni bundan çıxış edərək belə deməyə haqqımız var ki, artıq Azərbaycan dövlətinin həmin ermənilər üzərində hər hansı öhdəliyi yoxdur. Yəni onlarla bağlı heç bir öhdəliyimiz qalmayıb. Ona görə də ermənilər dünyanın harasında olur olsun, bizim qarşımıza bu sualla çıxa bilməzlər. Bu məsələ ilə çıxa bilməzlər ki, Azərbaycan dövlətinin ermənilərlə bağlı öhdəliklər var. Bizim heç kimin qarşısında borcumuz və öhdəliyimiz qalmamışdır. Əgər söhbət ermənilərdən gedirsə, hə, kimlərsə ermənilərin Qarabağa qayıtmaq istəkləri ətrafında manipulyasiya etməyə cəhd göstərirsə, onlara da veriləcək cavabımız var. Azərbaycan Respublikasının hazırda bütün ərazisində yaşayan Qərbi Azərbaycan kökənli vətəndaşlarımız, həmvətənlərimiz var. O insanların da Qərbi Azərbaycana qayıtmaq hüquqları əllərindən alınıb. Ermənistan dövləti onlara bu şəraiti yaratmır. Əgər Qarabağ erməniləri ilə bağlı hansısa öhdəlikləri xatırladırlarsa, ona qədər Qərbi azərbaycanlılarla bağlı Ermənistan dövlətinin öhdəliklərini nəzərə alsınlar. Ondan sonra Qarabağdan müzakirə açmaq olar. Amma belə götürəndə ümumilikdə hazırda Azərbaycan Respublikasının bir dövlət olaraq Qarabağ erməniləri ilə bağlı hər hansı öhdəliyi yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31