Bu müxalifətçilik yox, xəyanətkarlıq və düşmənçilikdi- ÖZƏL
7 Avqust 2024 15:18 Siyasət"Hal-hazırda ölkəmiz olduqca mühüm bir mərhələdən keçir. Qərbin aktiv şəkildə Cənubi Qafqaz uğrunda Rusiya ilə savaşa girməsi və noyabrda ölkəmizdə keçiriləcək COP 29 fonunda Parlament seçkilərinin keçirilməsi bütün diqqətləri Azərbaycan doğru yönəldib".
.jpg)
Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Böyük güclərin öz maraqlarını təmin etmək üçün göstərdiyi fəaliyyət nəticəsində istər Şimal, istərsə də Cənub istiqamətində mürəkkəb vəziyyətin yarandığı bir faktdır. Cənubi Qafqaz uğrunda mübarizə təmsil olunduğumuz regionun çox həssas dönmdən keçdiyini təsdiqləyir. Ayrı-ayrı ölkələrin regionda vəziyyəti qarışdırmaq, çaxnaşma salmaq ehtimalları kifayət qədər yüksəkdir. Bir müddət əvvəl Ermənistanda, daha sonra Gürcüstanda baş verənlər bunun əyani sübutudur.
Nəyin bahasına olursa olsun öz maraqlarını təmin etməyə çalışan xarici qüvvələr bunun üçün istənilən addımı atmağa hazır görünürlər. Ermənistanın sürətli şəkildə silahlandırılması, təxribatlara yönləndirilməsi ilə yanaşı şübhəsiz ki, daxildə də vəziyyətin gərginləşməsini istəyənlər az deyil.
Çox təəssüf ki, bu məsələdə xaricdən gələn sifarişləri icra etmək və bununla da düşmənin dəyirmanına su tökmək istəyənlər də var. Bu cür ünsürlərə liderliyi isə yenə də ənənəvi olaraq AXCP və radikal müxalifət edir. Gah mitinq qərarı verməklə, gah seçkiləri baykot çağırışları ilə öz marginal maraqlarını təmin etməyə çalışan bu qüvvələr özləri də kifayət qədər yaxşı bilirlər ki, indiki məqamda gərginliyə səbəb olacaq addımların atılması heç bir halda dövlət və milli maraqlara xidmət etmir.
Odur ki, radikal müxalifətin Növbədənkənar Parlament seçkilərini baykot qərarı təkcə acizlikdən irəli gələn qərar deyil. Bu qərar həm də seçki prossesinə təxribatlar üçün real fürsət kimi baxan ayrı-ayrı güclərin məkrli oyunlarında alət olmağın göstəricisidir.
Əgər belə olmasaydı bundan qabaqkı baykot qərarlarının nəticə çıxarar, bu mövqenin heç bir perspektivi olmadığını dərk edərək seçkilərə seçicilərlə birbaşa təmas, öz platformalarının daha geniş auditoriyaya çatdırmaq imkanı kimi baxar və seçkilərdə iştirak edərək bir partiya olaraq üzərlərinə düşən vəzifəni icra edərdilər.
Çünki siyasi partiyaların birinci funksiyası seçkilərdə iştirak etməkdir. Xüsusən, müxalif partiya iqtidara gəlmək, yaxud qanunverici orqanda təmsil olunmaq üçün bütün seçkilərdə aktiv iştirak etməlidir. Siyasi fəaliyyətin ana qayəsi, təməl bazası budur. Digər bir tərəfdən isə "Siyasi Partiyalar Haqqında" yeni Qanun istənilən səviyyəli seçkilərdə iştirakı partiyaların qarşısında bir vəzifə kimi qoyur. Bu baxımdan seçkiləri baykot qərarı ilə çıxış etmək həm də üzrəinə düşən vəzifələri icra etməmək anlamına gəlir.
Boykot çagırışları radikal müxalifətin dəyişmədiyini, siyasi reallıqları qəbul edə bilmədiklərini və ən əsası ictimai rəyi nəzərə almadıqlarını göstərir. Hər kəs ictimai-siyasi mühitin sürətlə dəyişdiyi halda radikal müxalifətin özünün seçki və siyasi mübarizə taktikasında heç bir keyfiyyət dəyişikliyi edə bilmədiyini görür. Bu tip qərarların qəbulu radikalların seçki taktikasında qələbə təminatlı dəyişikliklər etmək gücündə olmadığını aydın şəkildə göstərir.
AXCP-nin bu şəkildə davranışlarının arxasında xarici dairələrin dayandığı heç kimdə şübhə doğurmur. Dövlət və millət mənafeyindən deyil, şəxsi mənafedən çıxış edən bu qüvvələr kiçik maliyyə müqabilində belə özlərini satmağa hazır olduqlarını dəfələrlə ortaya qoyublar. İddialara görə bu dəfə də AXCP-nin baykot qərarı xaricdəki havadarları tərəfindən mükafatlandırılıb. Belə ki, keçən ay ABŞ-ın "Sewap" təşkilatı tərəfindən təşkil olun "seçkidən seçkiyə" mövzusunda keçirilən müzakirələrin sonunda Əli Kərimli dəstəsinə 37 min ABŞ dolları qrant verilməsi qərara alınıb. Başqa sözlə desək Qərb dairələri faktiki olaraq ölkədə vəziyyəti gərginləşdirmək istəyənləri qrantla mükafatlandırırlar.
Görünən odur ki, radikallar hələ də anlamırlar ki, müxalifət düşərgəsində təmsil olunmaq heç də dövlətin və xalqın əleyhinə mövqe tutmağa, ölkəmizlə bağlı həqiqətləri danmağa, inkar etməyə əsas vermir və bunu müxalifətçilik hesab etmək böyük səhvdir. Öz ölkəsinin, öz xalqının maraqlarının əksinə çıxış etmək, mövqe sərgiləmək, uğurlarını, nailiyyətlərini, qələbələrini danmaq, inkar etmək müxalifətçilik yox, xəyanətkarlıq və düşmənçilikdir".
Zeynəb Rzayeva