Qərb Ermənistana qoyduğu tələblərin yerinə yetirilməsini istəyir- ÖZƏL
7 Avqust 2024 16:27 Siyasət"Paşinyan 2022-ci ilin sentyabrından sonra KTMT- dən Ermənistanın çıxması ilə bağlı mütəmadi şəkildə bəyanatlar səsləndirir və Ermənistanın KTMT-dəki işini dondurur. Yəni, həmin vaxtdan etibarən Ermənistan heç bir tədbirində iştirak etməyib və bununla Paşinyan hakimiyyəti Rusiyaya mesaj ünvanlayır ki, əgər Rusiya Ermənistanın qarşısında olan öhdəlikləri yerinə yetirməsə, Ermənistan KTMT-dən tam şəkildə çıxacaqdır".

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Məsələ bundan ibarətdir ki, Ermənistanın KTMT-dən çıxmağını, həm də onun Qərb partnyorları istəyir. Fransa başda olmaqla, ABŞ başda olmaqla-bu ölkələr mən əminəm ki, Ermənistana yalnız və yalnız o şərtlə silah tədarükü olsun, hərbi texniki əməkdaşlıq olsun və digər sahələrdə əməkdaşlığa razılıq veriblər ki, Ermənistan Rusiyanın rəhbərlik etdiyi bu hərbi qurumdan çıxsın. Bu da sözsüz ki, Paşinyanı seçim qarşısında qoyub. Bir tərəfdən Qərbin tələbləri, digər tərəfdən də Rusiya, Ermənistan KTMT-dən çıxacağı halda, Ermənistan üzərində müəyyən rıçaqlarını işə sala bilər ki, bu rıçaqlar nədən ibarətdir? iqtisadi rıçaqlar var, siyasi rıçaqları var. Ermənistandakı beşinci kolonunu dəstəkləməklə Ermənistanda hakimiyyət çevrilişi həyata keçirmək istəyə bilər və nəhayət hərbi rıçaqları var. Düzdür, Ermənistanla Rusiyanın birbaşa quru sərhədi yoxdur, amma Ermənistanda biz bilirik ki, Gümrüdə Rusiyanın bazası var və eyni zamanda Rusiya öz ərazisindən Ermənistana raket zərbələri belə həyata keçirə bilər. Bütün bunlar Paşinyanı sözsüz ki, iki od arasında qoyub və bu baxımdan Paşinyan həm bir tərəfdən tam şəkildə KTMT-dən çıxa bilmir, digər tərəfdən də Qərbin şərtlərini yerinə yetirə bilmir. Ermənistanın KTMT-nin konfransında iştirak etməməsi məhz elə ona dəlalət edir ki, Qərb Ermənistana qoyduğu tələblərin yerinə yetirilməsini istəyir, amma Paşinyan hakimiyyəti də ehtiyatlı davranır, tam şəkildə Rusiya ilə bağları qırmaq istəmir. Çünki Rusiya bir Damokl qılıncıdır və gələcəkdə Paşinyan hakimiyyətinə ciddi problemlər yarada bilər".
Zeynəb Rzayeva