“Ermənistan üçün KTMT-ni tərk etmək fəlakətli nəticələr vəd edir"-Elçin Xalidbəyli- ÖZƏL

"Ermənistan artıq uzun müddətdən bəridir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini dondurub. Bu, hərbi siyasi qurumun tədbirlərini, demək olar ki, boykot edir və təbii ki, rəsmi İrəvanın boykot cəsarəti də qətiyyən Ermənistanın hərbi-siyasi imkanlarına bağlı deyil". 

Bu fikirləri Olaylar.az-a açıqlamasına siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Paşinyan hakimiyyəti ABŞ və Avropa Birliyindən, eləcə də Fransadan aldığı dəstəyə güvənərək belə bir boykot mövqeyindən çıxış edir. Üstəlik, Ermənistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərk olunması ilə bağlı Amerika Birləşmiş Ştatlarından, Avropa Birliyindən və Fransadan ardıcıl olaraq təlimatlar verilir, hətta Ermənistanı bu prosesə hazırlamağa çalışırlar. Buna misal olaraq Amerika Birləşmiş Ştatları və Ermənistanın ortaq təlimlərini göstərmək olar. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının yüksək rütbəli hərbçisinin Ermənistan Müdafiə Nazirliyində fəaliyyətə başlamasını nəzərə almaq lazımdır. Bu da həmin istiqamətdə atılan addımlardan biridir. Ümumiyyətlə Ağ Evdən verilən açıqlamalarda Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasına hazırladıqlarını qətiyyən inkar etmirlər. Bunu bəzən açıq mətnlə etiraf edirlər, bəzən də ABŞ dolayısı yolla buna eyhamlar vurur. Ümumiyyətlə, Ermənistandan yalnız Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatını deyil, eyni zamanda Avrasiya İqtisadi İttifaqını və Rusiya ilə bağlı bütün platformaları tərk etmək tələb olunur. Ən əsası isə ABŞ, Avropa Birliyi və Fransa israrla Ermənistandan Rusiya ilə hərbi siyasi müttəfiqliyin pozulmasını tələb edir. Yəni Ermənistan üçün bu, çox ciddi bir prosesin başlanğıcıdır, amma çox təhlükəli bir prosesdir. Ona görə ki, Ermənistanda da anlayırlar ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, eləcə də Avrasiya İqtisadi İttifaqını tərk eləmək Ermənistan üçün o qədər də asan məsələ deyil. Hətta olduqca fəlakətli bir prosesin başlanğıcını vəd edən bir qərar ola bilər. Ona görə də rəsmi İrəvan hələlik bu barədə siyasi qərar qəbul etməkdən çəkinir. Çünki KTMT-nin tərk olunacağı təqdirdə Ermənistan hər hansı təhlükəsizlik sistemində təmsil olunmamış olacaq. Amerika Birləşmiş Ştatları, Avropa Birliyi  Fransa da Ermənistanın təhlükəsizliyinə təminat vermək imkanında deyillər. Onlar Cənubi Qafqazdan kənar siyasi iradə mərkəzləridir və Cənubi Qafqazda da belə mexanizmlərə sahib deyillər. Bu, Ermənistan üçün çox təhlükəlidir. Eyni zamanda Avrasiya İqtisadi İttifaqının tərk olunması da Ermənistan üçün fəlakətli nəticələr vəd edir. Ermənistanın iqtisadiyyatı tamamilə Rusiyanın nəzarətindədir. Ermənistanın ixrac sahəsi birbaşa Rusiyadan asılıdır. Ümumiyyətlə, Ermənistan Rusiyadan tamamilə asılı bir dövlətdir, yəni qondarma. süni şəkildə yaradılmış bir dövlətdir və mövcudluğu da Rusiyaya bağlıdır. O baxımdan nəinki yaxın illərdə, ümumiyyətlə, yaxın onilliklərdə Ermənistanın Rusiyadan qopması, Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşması özü blefdən başqa bir şey deyil. Bunu düşünməyi bacaran ermənilər də dəqiq şəkildə anlayırlar ki, Ermənistanın Rusiyadan qopması xəyaldan başqa bir şey deyil. Çünki nə Amerika Birləşmiş Ştatları, nə Avropa Birliyi, nə də Ermənistanın əsas himayədarı olan Fransa Ermənistana Rusiyadan qopduqdan sonra nə təhlükəsizlik təminatı verə bilir, nə də maliyyə, iqtisadi fəlakətin qarşısını ala biləcək səviyyədə maliyyə dəstəyi vəd edirlər. Yəni bunların heç birisi yoxdur və Ermənistan Rusiyadan qopacağı, Rusiya ilə bağlı qurumları tərk edəcəyi təqdirdə tamamilə dərin böhrana düçar olaraq, hətta xəritədən silinmə təhlükəsi ilə üzləşəcək bir dövlətə çevrilə bilər".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31