Ermənistanın KTMT ilə bağlı planları ciddidir- ÖZƏL

"Ermənistanın növbəti dəfə KTMT-də iştirak etməməsi əslində təəccüb doğurmur. Çünki iki ilə yaxındır ki, bu vəziyyət davam etməkdədir. Ermənistan ümumiyyətlə, Rusiyanın əsas rol aldığı təşkilatların toplantılarına, xüsusilə də KTMT-ə qatılmaqdan bir formada yayınır". 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Ermənistan bu toplantılarda iştirak etməsə də, təşkilatdan çıxmaq haqqında da  hansısa bir addım atmayıb. Ermənistanın KTMT ilə bağlı planları məncə, ciddidir. Sadəcə olaraq Ermənistan bir neçə reallıqları hesablayaraq bu addımı atmır. Bunun birinci səbəbinə görə o hesab edir ki, Qərbin verdiyi dəstək onun təhlükəsizliyi üçün tam yetərli deyil. Bu dəstək Rusiyanın təzyiqlərinə qarşı durmaqda yetərli olmaya bilər. İkincisi, Ermənistan Rusiya-Ukrayna savaşının nəticələrini gözləyib ondan sonra müvafiq addımı atmağı düşünür. Hansı ki, daha öncə Paşinyan da bunu bir formada ehyam etmişdi. Üçüncüsü, Ermənistan hesab edir ki, hələlik yalnız təhlükəsizliklə bağlı deyil, eyni zamanda iqtisadi təhlükəsizliklə bağlı məsələləri də həll etməyincə KTMT-dən çıxmaq Ermənistana zərər verə bilər. Çünki Rusiya tərəfi açıq şəkildə mesaj verib ki, Ermənistan KTMT-dən çıxan kimi onu dərhal Avrasiya İqtisadi İttifaqından kənarlaşdıracaqlar ki, bu da Ermənistan üçün ağır zərbə olardı. Belə ki, Ermənistanın xarici ticarət dövriyyəsinin təxminən yarısı Avrasiya İqtisadi İttifaqı ilə olan dövlətlər arasında həyata keçirilir. Əgər yalnız Ermənistanın keçən ilki xarici ticarət dövriyyəsini götürsək, bu 27 milyard təşkil edib ki, bunun da 36 faizi, təxminən 9.5 milyardı yalnız Rusiyanın payına düşür. Bu çox böyük rəqəmdir. Rusiya - Ermənistan arasındakı bu ilki yeddi aylıq ticarət dövriyyəsi artıq 8.5 milyard dollara çatıb. Yəni, Ermənistan KTMT-dən məhz ona görə rəsmən çıxmaq istəmir ki, belə bir imkanları itirə bilər. Bu da Ermənistanın həm iqtisadi, həm enerji baxımından təhlükəsizliyinə ciddi təhdid yönəldə bilər. Ona görə Paşinyan və Ermənistan bir müddət belə bir vəziyyətin qalmağında maraqlı olacaqlar. KTMT-də hüquqi cəhətdən qalmaqla, faktiki olaraq iştirak etməyərək belə bir durumun hazırda mövcudluğunu saxlamağa çalışacaqdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31