"Hər kəs qulağını yaxşı açıb eşitsin"- ÖZƏL
6 Avqust 2024 10:07 Siyasət"Toivo Klaarın Qarabağ erməniləri ilə bağlı açıqlaması hazırda Qərbdə bölgə ilə bağlı cərəyan edən bəyanatlar silsiləsindəndir. Qarabağ erməniləri ilə bağlı, onların qayıdışı ilə bağlı Azərbaycana qarşı təzyiqlər "erməni məsələsi" mövzusunun bəzi dairələrdə hələ bağlanmadığını göstərir".

Olaylar xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib:
"Bəs 1 il əvvəl dünya birliyinin üzvü, müstəqil və suveren beynəlxalq subyektin ərazisində separatizmin davam etməsinə niyə susurdunuz? Niyə Qarabağ və Zəngəzurdan qovulmuş azərbaycanlıların qayıdışı məsələsini qaldırmırdınız? Niyə Vardanyan və Arutunyanın ötən illərdə azərbaycanlıları təhdid etməsi qarşılığında susmağa üstünlük verirdiniz?
44 günlük müharibədə ərazi bütövlüyünü təmin edən Azərbaycan dövləti nə həmin dövrə qədər, nə də həmin dövrdən sonra Qərbdəki bu kimi dairələrin obyektiv mövqeyini görmədi. Əksinə, Üçtərəfli Bəyanatın imzalanmasından sonra Cənubi Qafqazda tarixi reallığın bərpa olunması ilə barışmaq istəməyən bu qüvvələr 2020- 2023 - cü illər ərzində BMT TŞ- da və digər qurumlarda separatçıları və terrorçuları müdafiə edən Azərbaycan dövlətini günahlandıran müzakirələri bir neçə dəfə davamlı şəkildə təşkil etdilər. İndi, niyə Qərbdəki bu dairələr rəsmi Bakının onların fikirlərini nəzərə alacağını düşünür?
Vaxtilə Robert Koçaryan azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməzdilər deyirdi. Həmin vaxt ağızlarına su alan beynəlxalq siyasətbazlar, indi, ermənilərin Qarabağa qayıtması üçün əllərindən gələni edirlər. Lakin, onların istəkləri ilə oturub- duran olmayacaq. Nə qədər ki, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları var, nə qədər ki, azərbaycanlılar tarixi Qərbi Zəngəzura və Göyçəyə qayıtmayıblar iki xalq arasında yeni mərhələdən danışmaq tezdir. Hər kəs qulağını yaxşı açıb eşitsin".
Alim Hüseynli
Olaylar.az