Tramp Azərbaycanın problemlərinin həllinə maneə törətmir - ÖZƏL

"ABŞ-ın prezident seçkilərində Azərbaycan üçün daha uyğunu Tramp seçilməsi olardı. Çünki Tramp ümumilikdə götürəndə Azərbaycanın problemlərinin həllinə maneə törətmir, mane olmur". 



Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Biz xatırlayırıq ki, 2016-cı ildə Trump prezident seçildi və 2020-ci ildə onun prezidentliyi dövründə Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdi. Yəni 2020-ci ilin 44 günlük müharibəsi Trampın prezidentlik dövrünə düşdü. Baxmayaraq ki, 2020-ci ilin noyabr ayında keçirilmiş seçkilərdə o Baydenə uduzmuşdu. Amerika qanunlarına görə, prezident növbəti ilin yanvar ayına qədər səlahiyyətlərini icra edir. O baxımdan, bəxtimiz gətirdi ki, Trampın dövründə biz torpaqlarımızı azad etdik. Niyə belə deyirəm? Ona görə ki, hazırkı prezident Co Bayden erməni məsələsində radikal və bizim üçün çox zərərli bir mövqe tutur. Yəni həm Türkiyəyə münasibətdə, həm Azərbaycana münasibətdə onun mövqeyi çox zərərlidir və təəssüflər olsun ki, hazırda prezidentliyə namizəd olan ABŞ vitse-prezidenti də Bayden kimi erməni məsələsində anti-türk mövqedən çıxış edir. Ona görə də onun seçilməsi Azərbaycan üçün ziyanlı ola bilər. O baxımdan düşünürük və arzu edirik ki, Tramp bu dəfə də seçilmiş olsun. 
Əlbəttə, ABŞ bəzən proqnozlaşdırılması çətin olan mərhələlərdən keçir. Bu baxımdan, Kamala Harrisin də üstünlük əldə etmək imkanları yox deyil. Amma biz nəzərə alaq ki, Amerika Birləşmiş Ştatlarının tarixində hələ ki, qadının prezident seçilməsinə şərait yaradılmayıb, imkan verilməyib. O baxımdan, bu dəfə də yəqin ki, Trampın seçilməsi üçün daha uyğun bir şəraitin olduğunu düşünür. 
Xatırlatmaq istəyirəm ki, 2016-cı il seçkilərində Tramp daha başqa bir qadınla - Hilari Klintonla yarışmışdı və ümumi götürəndə əslində Hilari Klinton xalqın böyük əksəriyyətinin səsini almışdı. Yəni onun aldığı səslər, yuvarlaq desək, 66 milyon səs idi, Trampın aldığı səslər isə 63 milyon. Amma buna baxmayaraq seçki kollegiyaları Trampa üstünlük verdilər, bir növ xalqın iradəsi arxa plana keçirildi, o üstdəki həlledici kolleqalar, seçkinin taleyini həll edənlər Trampa üstünlük verdilər və onu prezident elan etdilər. 
Ola bilər ki, indi də bənzər bir situasiya olsun. Amma istənilən halda biz dediyim kimi, Trampın prezident seçilməsində daha çox maraqlıyıq. Yəni məhz o erməni məsələsi, Azərbaycana münasibət, bütövlükdə Amerika Birləşmiş Ştatlarının xarici siyasəti baxımından Tramp bizim üçün daha əlverişlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31