Bu səbəbdən Cənubi Qafqazda sülhün əldə olunmasına çalışırlar- ÖZƏL

"ABŞ-nin dövlət rəsmiləri son zamanlar Azərbaycan və Ermənistan arasında münaqişənin tənzimlənməsi ilə bağlı bəyanatlar səsləndirirlər. Belə görünür ki, ABŞ münaqişənin həll olunmasında həvəslidir və bunun regional əhəmiyyətindən bəhs edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"ABŞ-nin istəyi Qərb dünyasının Mərkəzi Asiyada rolunun açılmasıdır və bunun üçün də Cənubi Qafqazda münaqişənin olmamasına çalışır. Yəni uzun müddət Qərbin Mərkəzi Asiyaya daxil ola bilməməsinin əsas səbəbi məhz Cənubi Qafqazda münaqişənin olması idi. Bu səbəbdən ABŞ ora daxil ola bilmirdi. Hal-hazırda ABŞ-nin iqtisadiyyatdakı əsas rəqibi olan Çin, Mərkəzi Asiya ölkələrinin iqtisadi bazarını ələ keçirir və bu da Qərb dünyasında qıcıqla qarşılanır. Buna görə də maksimum şəkildə Mərkəzi Asiya ölkələrini Avropa bazarına cəlb etmək, hal-hazırda Qərbin əsas niyyətidir. Buna görə də Cənubi Qafqazda tezliklə sülhün əldə olunmasına çalışırlar. Düşünürəm ki, xüsusilə ABŞ-dəki prezident seçkilərindən sonra maksimum şəkildə Amerika Ermənistana təzyiq göstərəcək ki, Cənubi Qafqazda sülh əldə olunsun. ABŞ-nin rəsmiləri də başa düşürlər ki, sülhün əldə olunması üçün əsas məsələ Azərbaycanın şərtlərinin qəbul edilməsidir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31