Amerikanın mövqeyi qəbuledilməzdir - ÖZƏL
1 Avqust 2024 16:16 Siyasət"Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayenin, ondan əvvəl dövlət katibi Entoni Blinkenin bu istiqamətdə açıqlaması açığı, mən də o qədər də xoş təəssürat yaratmır".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Düzdür, söhbət Zəngəzur dəhlizindən gedir. O-Brayen bu barədə açıqlamalar verərkən Zəngəzur dəhlizinin adını çəkməsə də, Azərbaycan-Ermənistan arasında sülh əldə olunması və bu nəqliyyat kommunikasiya əlaqəsinin bərpasından danışır və Mərkəzi Asiya ölkələrinin təbii sərvətlərinin potensial imkanlarını Azərbaycan-Ermənistan nəqliyyat vasitəsi ilə Qərbə daşınması istiqamətində maraqlı olduqlarını nümayiş etdirir. Bununla da hesab edirəm ki, Amerika həm də Rusiya və Çini oyundan kənar vəziyyətə salmaq istəyir. Rusiya bizim qonşumuzdur, müttəfiqimizdir. Bu məsələ o qədər də inanmıram ki, bizim marağımıza uyğun olsun. Çin ilə də bu yaxınlarda sıx əməkdaşlıq elməklə bağlı Azərbaycan və Çin dövlət rəhbərləri bir sənəd imzaladılar. Yəni Çin hər zaman Azərbaycanın haqq işinə biganə qalmayan böyük bir dövlətdir və çox sıx əlaqələrimiz qurulur.
Bu mənada bizim Amerikaya görə nə Rusiya, nə Çin ilə pis, gərgin vəziyyətə gəlməyimizə ehtiyac yoxdur, heç buna bir zərurət də görünmür. Əgər Amerikanın o dövlətlərlə hər hansı bir konflikti varsa, özü bilər.
Bu bəyanatlar Azərbaycan və Ermənistan arasında münasibətlər tənzimlənsin və daşınmalar bu yolla baş tutsun məqsədilə verilir. Amma biz bunun qarşılığında əməlli çalışmalar görmürük. Məsələn, Amerika Ermənistana təzyiq eləmir. Ermənistanın sülh sazişinin pozulması, sülh danışıqlarının pozulması, Azərbaycan-Ermənistan şərti sərhədində atəşkəsin pozulması, Ermənistanın təxribatları, aqressiv silahlanması məsələ ilə bağlı Amerika heç bir reaksiya bildirmir, Ermənistana təzyiq eləmir. Mən hesab edirəm ki, Amerikanın bu mövqeyi qəbuledilməzdir. Düzdür, regionda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına çalışması, müsbətdir. Amma necə çalışması məsələsi var. Bax, bu artıq sual doğurur və belə deyək ki, bizi qane edən addımların atıldığı ilə biz bunun müşayiət olunmadığını görürük".