İranın verəcəyi cavab bölgədəki gedişata birbaşa təsir göstərəcək- ÖZƏL
1 Avqust 2024 16:00 Siyasət"HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi şübhəsiz ki, Yaxın Şərqdə geniş müharibə riskini heç olmadığı qədər artırdı. Çünki, İsmayıl Haniyə həm fələstinli qruplar, həm də İran üçün simvolik bir məna daşıyırdı".

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Belə bir güclü fiqurun hətta Tehranda prezidentin inaqurasiya mərasimində öldürülməsi şübhəsiz ki, Tehranda böyük bir qəzəbə səbəb oldu. İran dövlətinin- Məsud Pezeşkian və Əli Xamenei hansı addımları atacaqlarının ilk siqnallarını verdilər. Əli Xomenei açıqlamasında sərt cavab alacaqlarını söylədi. Həmçinin İran ordusundan verilən açıqlamada da "bizim qonağımıza əl qaldırmağın cəzasını alacaqlar" ifadəsi işlədildi. Hansı addımların atılacağıyla bağlı əslində, keçmiş illərə nəzər salmaq lazımdır. İran burada əsasən iki hissəli bir plan həyata keçirir. Əvvəlvə İran bir az gözləmə mövqeyində dayanır. Bunun müddəti bir neçə gün, ay, il də ola bilər. İranın məxfi orqanları hadisənin necə baş verdiyini araşdırır. Hadisə təfərrüatları bəlli olduqdan sonra İran İsrailə müəyyən bir cavab verəcəkdir. Bu cavab hava hücumu da ola bilər, Hizbullahın hər hansı bir əməliyyatı da həyata keçirilə bilər. Lakin bunu əminliklə deyə bilərik ki, İranın verəcəyi cavab bölgədəki hadisələrin gedişatına birbaşa təsir göstərəcəkdir".
Zeynəb Rzayeva