Bu qətl hadisəsi gərginliyin artırılmasına hədəflənmiş görünür- ÖZƏL

"Həmasın ən üst siyasi liderlərindən olan İsmayıl Haniyənin İranda yeni seçilmiş prezident Pezeşkianın inaqurasiya mərasimi ərəfəsində qətlə yetirilməsi əslində ilkin olaraq təbii ki, Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da eskalasiya həddinə çıxaracağına və kataklizmlərin səviyyəsinin daha da genişlənəcəyinə, artacağına bir işarədir".

Bu fikirləri politoloq Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib:

"Bu qətl hadisəsi də məxsusi olaraq elə bu gərginliyin artırılmasına hədəflənmiş kimi görünür. Təbii olaraq ilkin önə çıxan faktor İsrail faktorudur. İsrailin HƏMAS-la, hərbi qanadıyla bu günə qədər olan mübarizəsi real nəticələrin əldə olunmamasına gətirib çıxartmışdır. Hələ də ortada İsrailin hədəflədiyi heç bir məsələ əldə olunmamışdır. Lakin HƏMAS-ın siyasi qanadının məhv edilməsi, yəni Haniyənin məhv edilməsi ilə siyasi qanadın darmadağın edilməsi, İsrailin HƏMAS-la toqquşmada yaxın perspektivdə ciddi nəticələr əldə edə bilməsi ehtimallarını da gücləndirmiş olur. Çünki bu, bir tərəfdən həm qorxu, xof yaradır, digər tərəfdən də artıq müharibənin gedişində müəyyən dəyişikliklərə gətirib çıxaracaq bir proses olacaqdır. Məlumdur ki, HƏMAS-ın siyasi qanadı Qəzzada deyil, Qətərdə mənzillənib, qərargahı Qətərdə yerləşir və maksimum şəkildə onun təhlükəsizliyi bu günə qədər Qətərdə qorunurdu. Ancaq HƏMAS-ın siyasi liderinin məhz İranda qətlə yetirilməsinin də bu hədəflər içərisində İrana yönəlik müəyyən məsələlərin olduğunu da deməyimizə əsas verir. Məlum məsələdir ki, bütövlükdə İranın son dönəmlərdə bu proseslərdə hansı səviyyədə yer alması bizə məlumdur. Elə 7 oktyabr tarixində HƏMAS-ın bu hücumu başlatmasında da, İsraili hədəf almasında da arxa pərdədə əsas təsdiqləyici qüvvənin məhz İran olduğu bildirilir ki, bu, İran tərəfindən atılan ilkin addım deyil. Hər zaman proseslərə kənardan təzyiq göstərib açıq şəkildə yer almamaq ənənəsini biz Tehrandan uzun illərdir ki, görə bilirik və buna qarşılıq olaraq da bundan öncə İranın mərhum prezidenti Rəisinin qəza nəticəsində həlak olması məsələsi onun siyasi nüfuzuna, təhlükəsizliyin təminatı baxımından yetəri qədər imkanlara sahib olmaması görüntüsünü yaratmışdır. Hal-hazırda da Haniyənin məhz digər dövlətlərdə deyil, bu günə qədər məhz İranda onun təhlükəsizliyinin qorunmaması birbaşa olaraq İranın siyasi nüfuzuna xələl gətirəcək bir hadisədir. Təbiidir ki, qarşıdurmaları daha da tətikləyəcək və fərqli qüvvələrin, fərqli  cinahların da müharibədə, eskalasiyada yer alma imkanlarını artıracaq. İstənilən halda yaxşı heç bir şey vəd etmir, amma yenə də proseslərin gedişinə baxmaqda fayda var. Düşünmək olar ki, burada hədəflərdən biri həm də Pezeşkianın gələcək siyasi ritorikasının qarşısında əngəllər qoymaqdan ibarətdir. Məlum məsələdir ki, seçkiöncəsi vədləri içərisində əsas yeri məhz İranda 40 faizdən yüksək iqtisadi inflyasiyanın qarşısının alınması məqsədilə, sanksiyalardan azad olmaq məqsədilə Qərblə yumşalma siyasətinə getməkdən, eləcə də nüvə danışıqlarında öz öhdəliklərini yerinə yetirməkdən başqa yolunun olmadığını Məsud Pezeşkian açıq şəkildə ifadə edirdi. Hakimiyyətə gəldikdən sonra da bu yöndə ilkin addımlar atdığı müşahidə olunurdu və belə bir hadisənin məhz İranda baş verməsi görünür ki, həm də İranın Qərblə yumşalmaya getmə siyasətini qəbul etməyən qüvvələrin də marağına xidmət etmiş ola bilər".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31