Amerika çalışır ki, Orta Asiya sərvətləri Azərbaycan və Ermənistan üzərindən Avropa bazarlarına çıxsın - ÖZƏL
1 Avqust 2024 14:58 Siyasət"Tanınmış ABŞ diplomatı, Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayenin bəyanatı Amerikanın hazırkı geosiyasi normativlərinə tamamilə uyğun bəyanatdır".

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Əvvəla, burada Amerikanın Çinlə, Rusiya ilə rəqabət və hətta düşmənçilik aparmaq niyyətləri açıq şəkildə özünü göstərir. İkincisi, Amerika diplomatının bu bəyanatında Amerikanın Mərkəzi Asiyanın ehtiyatlarının dünya bazarına çıxarılmasına nə qədər həssas yanaşdıqlarını nümayiş etdirir. Eyni zamanda, ABŞ diplomatının bu bəyanatı Azərbaycanın orta dəhliz layihəsinə nəyin bahasına olursa olsun, Ermənistanı da qoşmaq və şərik etmək niyyətlərindən xəbər verir. Eyni zamanda, ABŞ diplomatının bu bəyanatı müəyyən qədər Paşinyanın. müharibədən sonra ortaya qoyduğu sülh kəsişməsi, hansı ki, biz onu mif hesab edirik, Paşinyanın sülh kəsişməsi layihəsinə örtülü şəkildə tam dəstək verməsinin əlamətidir.
Əlbəttə, Amerikanın Mərkəzi Asiyanın zəngin təbii ehtiyatlarının, Azərbaycanın və Ermənistanın üzərindən Türkiyəyə, Qara dənizə, oradan Avropaya keçirilməsi üçün marşrut açmaq niyyətlərinə anlayışla yanaşmaq lazımdır. Nəzərə almaq lazımdır ki, onsuz da indinin özündə Mərkəzi Asiyanın zəngin təbii sərvətləri artıq Azərbaycanın və Türkiyənin üzərindən Avropa ölkələrinə gedir. Buraya Mərkəzi Asiya ölkələrinin, xüsusilə də Qazaxıstan neftinin Azərbaycan üzərindən Qərbə nəqlini nəzərdə tutmaq lazımdır. Eyni zamanda, Azərbaycanın alternativ enerji istehsalının Yaşıl dəhliz vasitəsilə Avropaya nəql olunması layihəsinə Qazaxıstanın və Özbəkistanın da cəlb olunması prosesini nəzərdə tutulduğundan gedir. Bunlar normal bir şeylərdir. Azərbaycan onsuz da Mərkəzi Asiyanın sərvətlərinin Avropaya öz üzərindən daşınması marşrutunun açılmasında maraqlıdır, buna çalışır və artıq bu proses gedir. Ancaq məsələ burasındadır ki, Ermənistanın bu sərvətlərin, yəni Mərkəzi Asiyanın ehtiyatlarının, həm də Ermənistanın üzərindən Avropaya daşınması layihəsinin ortaya çəkilməsi xeyli dərəcədə maraqlıdır. Müharibədən sonra onsuz da Ermənistanın bölgəmizdə yaratmaq istədiyi reallıqlardan biri budur. Əslində Azərbaycan da bunun əleyhinə deyil və Azərbaycan da çalışır ki, bölgədəki bütün kommunikasiya xətləri açılsın və özünün imkanlarında olan kommunikasiyalar artıq bu strateji layihənin ixtiyarına verib. Yəni Azərbaycan Mərkəzi Asiyada ehtiyatların, sərvətlərin Avropaya daşınması üçün özündən asılı olan hər şeyi edib, edir və orta dəhliz əslində Azərbaycanın yaratdığı bir layihədir. Ancaq Azərbaycan dəfələrlə qeyd edib ki, Ermənistanın bu layihəyə qoşulması ancaq və ancaq Azərbaycanla sülh çərçivəsində mümkündür. Azərbaycanla heç bir sülhə gəlməyəcəksə, Azərbaycanla kommunikasiya xətlərini açmayacaqsa, Zəngəzur dəhlizinin açılmasına iradə göstərməyəcəksə, Ermənistanın orta dəhlizə qoşulması və beləliklə də Ermənistanın sülh kəsişməsi layihəsinin işləməsi qeyri-mümkündür. Belə bir şəraitdə əgər Amerikanın diplomatı Ermənistanın da Azərbaycanın orta dəhliz layihəsinə qoşulmasında marağını ortaya qoyursa, Mərkəzi Asiyanın sərvətlərinin Azərbaycanla bərabər Ermənistanın da üzərindən Avropaya daşınmasını reallaşdırmaq istəyirsə, burada onların edə biləcəyi ən vacib məsələ Ermənistana təzyiq göstərməkdir. Amerika əgər bu layihənin işləməsini istəyirsə, Ermənistana təzyiq göstərməlidir ki, Ermənistan Azərbaycanın ən qısamüddətli sülh sazişini imzalasın, Zəngəzur dəhlizini açsın, sərhədləri delimitasiya eləsin. Çünki bunlar olmasa, nə Orta Asiyanın sərvətlərinin Azərbaycan üzərindən Avropaya axıdılması layihəsinə Ermənistana qoşula biləcək, nə də Ermənistan dəhliz vəziyyətindən, dalan vəziyyətindən çıxmayacaq. Ona görə də, Amerika diplomatının bu bəyanatını formal olaraq dəstəkləməklə yanaşı, eyni zamanda bu bəyanatın gerçəkləşməsi üçün vacib olan bir şərti də qeyd etmək lazımdır. Bu şərt Ermənistana sülh sazişinin ən qısa müddətdə imzalanması üçün Amerika tərəfindən təzyiqin göstərilməsidir. Amerika yaxşı olar ki, belə layihələrin həyata keçirilməsi üçün Ermənistana sülh sazişinin imzalanması təzyiqlərinin göstərilməsinin vacib olduğuna dəyər versin.
O ki qaldı, Amerikanın Rusiya və Çin ilə belə rəqabət aparması, bəli, Amerika çalışır ki, Orta Asiyanın təbii sərvətlərinin Rusiya üzərindən və Çin üzərindən dünya bazarına çıxışının qarşı alınsın. Onsuz da indi Rusiyanın üzərindən onun çıxması mümkünsüzdür. Çünki Rusiya müharibə vəziyyətindədir. Müəyyən qədər Çinin üzərindən çıxa bilir və çıxır ki, Amerika da bunu istəmir, bu onun geosiyasi maraqlarındadır və Amerika çalışır ki, Orta Asiyanın sərvətləri Rusiyanın, Çinin üzərindən yox, məhz Azərbaycanın və Ermənistanın üzərindən Avropa bazarlarına çıxsın".