Gənclərimizdə Azərbaycan üçün canını fəda edəcək qədər cəsarət yüksək səviyyədədir

İstiqamət: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Gənclik bir ölkənin ən mühüm sərvəti, gücü və ümididir. Bir milləti vəsf edən ən mühüm amil gənclikdir. Gənclik cəmiyyətin ən mühüm fundamentidir. İctimai həyatın böyük bir hissəsini təşkil edən gənclərin fəaliyyəti, təhsili və təlimi cəmiyyətin əmin-amanlığı üçün böyük əhəmiyyət kəsb edir.
Gənclərimizin vətənpərvər ruhda tərbiyəsi, onlarda milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün dövlət siyasətinin əsasını təşkil edir.
Bu gün  Azərbaycanın gələcəyi məhz gəncliyin necə yetişməsindən, onların milli mənlik şüurunun hansı formada inkişaf etdirilməsindən, vətənpərvərlik hisslərinin necə tərbiyə edilməsindən asılıdır. Milli mənlik şüuru inkişaf edən, vətənpərvərlik hissləri yüksək səviyyədə tərbiyə olunan gənc nəslin formalaşması gələcəkdə onların dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacağı inamını da yaradır. Bu cür gənclər dövlətimizin gücünü də artırırlar.
Azərbaycanın bu gün məhz həmin prinsiplərə söykənən dövlət gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəldiyi gündən başlayaraq müstəqil dövlətdə yeni gənc nəslin formalaşması istiqamətində ciddi addımlar atılıb.
Ulu öndər Heydər Əliyevin formalaşdırdığı gənclər siyasəti bu gün özünün ən uca məqamına çatıb. Bu gün həmin siyasət Heydər Əliyev məktəbinin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda böyük intellektual səviyyəyə malik olan, Vətənini sevən, onun üçün canını fəda edən gənclik formalaşıb. Azərbaycan gənci öz təhsili və vətənpərvərliyi ilə həm ölkəsinin inkişafında mühüm rol oynayır, həm də xaricdə Azərbaycanı layiqincə təmsil edir. Lazım gələndə Azərbaycan gənci həyatını Vətəni uğrunda fəda edir. Hər bir Azərbaycan gənci bu gün dövlətin qayğısını öz üzərində hiss edir. Prezidentin apardığı uğurlu siyasət nəticəsində gənclərin bütün təbəqələri qayğı ilə əhatə olunublar.
Məhz elə bunun nəticəsidir ki, Vətən müharibəsində də gənclərin rolu həlledici olmuşdur. Həyata keçirilən düzgün dövlət siyasətinin nəticəsidir ki, gənc nəsil respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edir, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici ölkələrdə yüksəlir.

Siyasi şərhçi Azər Həsrət bildirir ki, ölkə olaraq gənclərimizi arzu edilən səviyyədə yetişdirə bilmişik:

"Müstəqillik dövrü Azərbaycan gənclərinin tərbiyə edilməsində, yetişdirilməsində dövlətin qarşısında böyük vəzifələr dururdu və aparılan siyasət onu göstərir ki, gənclərimizi arzu edilən səviyyədə yetişdirə bilmişik. Yəni dövlət əlindən gələni edib, mümkün olan hər şeyi edib. Ona görə də, gənclərimizdə vətənpərvərlik hissi, dövlətə bağlılıq hissi, ümumiyyətlə, Azərbaycan üçün canını fəda edəcək qədər cəsarət yüksək səviyyədədir. Bu iş görülüb. Əlbəttə, bunun üzərində dayanıb, arxayın olmaq olmaz. Çünki nəsillər dəyişir, yeni gənclər yetişir və təbiidir ki, onların da eyni ruhda yetişdirilməsi üçün işlər görülməlidir və görülür də.
Biz çağdaş dövrümüzün ən böyük hadisəsi kimi Qarabağ müharibəsinin ədalətli həllinə qovuşmasını qeyd edirik. Yəni 2020-ci ilin 44 günlük Vətən savaşı çox sürətlə, 44 gün içində başa çatdı. Gənclərimiz heç nədən çəkinmədən, qorxmadan savaşa atıldılar və göstərdilər ki, dövlət, millət, Vətən uğrunda canlarından keçməyə hər zaman hazırdırlar. O baxımdan, həmin ruhun ayaqda tutulması, eyni zamanda, davam etdirilməsi və yeni nəslə ötürülməsi vacibdir. Bax bu baxımdan, təbiidir ki, dövlətin görəcəyi işlər də var, eyni zamanda medianın, vətəndaş cəmiyyətinin, siyasi qurumların görəcəyi işlər var ki, o işlər də görülür. Bəzən doğrudur, çatışmazlıqlar da olur, o çatışmazlıqları da əl-ələ verərək birlikdə aradan qaldırırıq.
Ümumilikdə mən düşünürəm ki, Azərbaycan gənclərinin milli vətənpərvər ruhda yetişdirilməsi ilə bağlı hazırda ciddi problemlərimizin olduğunu deyə bilmərik. Əksinə, bu yöndə çox ciddi irəliləyişlər var. Amma bir daha qeyd etmək istərdim ki, arxayınlaşmaq olmaz, görüləcək işlər çoxdur, bizi hələ böyük mücadilələr gözləyir. Yəni Azərbaycanın, təbiidir ki, ərazi bütövlüyünü təmin edib, bunun ardınca dövlətimizin daha da möhkəmləndirilməsi, özəlliklə də, beynəlxalq platformalarda mövqelərimizin möhkəmləndirilməsi vacibdir. Bu işləri də kim edəcək? Əlbəttə ki, yetişməkdə olan nəsil edəcək. Yəni bu vaxta qədər edənlər, edə biləcəklərini ediblər, nəticələr də çox uğurludur. Amma həyat davam edir, insanlar yaşlanır, nəsillər dəyişir, yeni nəsil gəlməlidir. Həmin nəsil də dediyim kimi, bizi dünya çapında yüksək səviyyədə təmsil edə biləcək durumda olmalıdır və onun üçün də işlər daha intensiv şəkildə davam etdirilməlidir".

Röyalə Xəyal

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31