İranın mövcud siyasəti İsrailin xeyrinə davam edir- ÖZƏL
1 Avqust 2024 13:27 Siyasət"Cari il ölkə liderlərinə və rəsmi şəxslərinə qarşı sui-qəsdlərin silsilə şəkildə həyata keçirilməsi baxımından diqqətləri cəlb edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov qeyd edib:
"Bir neçə ay ərzində baş verən oxşar məzmunlu hadisələr-əvvəlcə Venesuelada prezident Nikolas Maduroya sui-qəsd təşkil etməkdə şübhəli bilinən şəxslərin saxlanılması, sonra Slovakiyanın Baş nazirinə qarşı törədilmiş sui-qəsdi cəhdi 2024-cü ilin sui-qəsdlərlə zəngin olduğunu deməyə əsas verir. İran Prezidentinin və digər rəsmi şəxslərinin helikopter qəzasında ölməsi nə qədər də bədbəxt hadisə kimi qiymətləndirilsə də, son hadisələr İranın daxili təhlükəsizliyində olan boşluqların mövcudluğunu açıq şəkildə göstərir.
Oxşar hadisələrin növbəti dalğası isə ABŞ-da prezidentliyə namizəd Donald Trampa qarşı baş verdi. Bir neçə gün əvvəl Hizbullahın ikinci şəxsinin öldürülməsi, ardınca HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda qətlə yetirilməsi sui-qəsdlər zəncirinin davamıdır".
Siyasi şərhçi qeyd edir ki, müxtəlif bölgələrdə, fərqli şəxslərə qarşı həyata keçirilən bu cür hadisələri birləşdirən əsas məqam sui-qəsdlərin planlı şəkildə və düşünülmüş formada törədildiyini deməyə əsas verir:
"D.Tramp hadisəsini incələdikdə təhlükəsizliyə cavabdeh şəxslərin etdiyi xətalar bu cür hadisələrin qəsdən görməzdən gəlindiyinə ciddi şübhələr yaradır.
Son günlərin dünyada ən çox müzakirə edilən mövzusu Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi faktıdır ki, İran-İsrail münaqişəsində nisbətən sakitlik yarandığı bir anda yenidən tərəflər arasındakı münasibətləri gərginləşdirir. Bənzər gərginlik bu il aprelin əvvəlində İranın Suriyadakı konsulluğuna edilən hücumla artmış, İranın İsrailə 300-dən çox pilotsuz təyyarə, qanadlı və ballistik raketlə hücum ilə yekunlaşmışdı. Baş verən bu süni gərginlikdə isə qazanan Tel-Əviv oldu ki, beynəlxalq ictimaiyyətin təzyiqlərinin genişləndiyi bir zamanda İranı təhdid kimi göstərərək Qərb ölkələrindən güclü dəstək aldı, ABŞ-ın da yardımı ilə Fələstində müharibə cinayətləri törətməyə davam etdi. HƏMAS liderinin məhz İranda öldürülməsi də "köhnə" düşmənlərin arasında nisbi sabitliyi pozmağa hesablanıb. Bu, sui-qəsd ABŞ-İsrail və idarəçi güclərin planlarının bir hissəsi olmaqla yanaşı, Tel-Əvivin əlini gücləndirən xüsusiyyətləri özündə ehtiva edir, Yaxın Şərqdəki prosesləri yeni fazaya daşıyır. Yəni, İsrail öz müttəfiqləri ilə Yaxın Şərqdə İranın dəstəklədiyi gücləri zərərsizləşdirib, bölgədə öz istədiyi kimi idarəçilik mexanizmi formalaşdırmaq üçün Tehranı yalançı düşmən obrazında təqdim edir. Tərəflər arasında kəskinləşən münasibətlər Yaxın Şərqdəki geosiyasi vəziyyət səbəbindən uzun illərdir artan templə davam edir. Birbaşa olmasa da, hər iki tərəf təsir mexanizmləri kimi hərbi qruplardan istifadə edərək öz siyasətlərini həyata keçirirlər. Bu da daha çox İsrailinin maraqlarına uyğun gəlir və o Qərbin güclü siyasi-hərbi dəstəyindən istifadə edir. Ona görə də Yaxın Şərqdə İsrail özünə təhdid gördüyü ünsürləri müttəfiqlərinin, əsasən də ABŞ-nin hərbi-diplomatik dəstəyi ilə məhv etmədikcə, İranla ciddi qarşıdurmaya getməsi ehtimalı azdır. HƏMAS-ı qızışdırıb İsraillə savaşın içinə daxil edən İran Tel-Əvivlə müharibə etmək istəsəydi, digər qüvvələri də bu savaşa daxil edib, özü də savaşa qoşulardı. Amma İranın mövcud siyasəti İsrailin xeyrinə davam edir və Yaxın Şərqdəki qüvvələrin zamanla müqavimətini qırmağa hesablanıb".
Qiymət Mahir