“Mən Qarabağı dünya mədəniyyətinin mərkəzi görmək istəyərdim”- ÖZƏL
1 Avqust 2024 11:44 Siyasət"Rəsulzadə dahi şəxsiyyətdir, onun vurğunu olmuşam. O, Türk dünyası üçün örnək bir şəxs olub". Bunu "Olaylar"a açıqlamasında qəzəlxan, tərcüməçi, yazıçı, AYB-QYB birliklərinin üzvü, İran Yazıçılar Birliyinin üzvü Seyyid Mahmud İbadi Maksudoğlu deyib: "Rəsulzadə Ensiklopediyasını tərcümə etməkdə məqsədim onu bu kitabla gənc nəslə tanıtmaq olub. Bu mənim əsas və başlıca ideyam idi. Rəsulzadənin Ensiklopediyasını professor Nəsiman Yaqublu çox gözəl səviyyədə yaradıb. Mən onu oxuyub çox mətləbləri ondan öyrəndim. Başladım onun tərcüməsinə. Bu kitab Cənubi Azərbaycanda, xüsusən Tehranda yüksək alqışa layiq görüldü. Mən yaxşı əsərləri həm Şimali, həm də Cənubi Azərbaycanda tərcümə elətdirib çap eləmişəm. Ondan çox Azərbaycan yazarlarının kitablarını tərcümə elətdirib çap eləmişəm. Bu kitabın nəşrində "Nəbati" nəşriyyatının böyük əməyi olub. Dostum Elnur Baxışın dostum Məhəbbət Kazımov haqqında yazdığı "O səsin sehri" adlı kitabını da tərcümə elətdirib çap eləmişəm".
Ümumilikdə 24 kitab müəllifi olan Seyyid Mahmud İbadi bildirib ki, Qarabağ haqqında da kifayət qədər kitab tərcümə edərək yayımını təşkil edib: "Mən hələ müharibə getdiyi dövrdə Qarabağ haqqında 300 şairin şeirini toplayıb çap etdirdim. Şəhid, vətənpərvərlik və müharibə haqqında kitabların antologiyasın çap etdirdim. Qarabağ haqqındakı kitabım Şimalı Azərbaycanda yüksək qarşılandı. Haqqımda çoxlu yazılar çap olundu. Kitabın ərsəyə gəlməsində mənə yazıçı Elnur Baxış, telejurnalist Səyyar Səyyar, xalq artisti Yasin Qarayev ,Vüqar Əhməd, xalq şairi Vahid Əziz, Vaqif Aslan və başqa yazarlar kömək etdi.Onların əməyi nəticəsində "AydınSav" nəşriyyatında Nurəddin Müqəddəmlə birlikdə çap etdirdik. Artıq müharibə başa çatıb, Qarabağ dirçəliş dövrünü yaşayır. Mən Qarabağı dünya dövlətlərinin mədəniyyət mərkəzi görmək istəyərdim".