Yaxın Şərqdə böhranın dərinləşməsinə maraqlı olan qüvvələr var
2 Avqust 2024 11:54 SiyasətBu prosesə İran vasitəsilə ətraf dövlətləri cəlb etmək istəyirlər
İranda yeni prezident seçilən Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edən HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi və İsrail-Hizbullah qarşıdurmasının dərinləşməsi, Yaxın Şərqdə genişmiqyaslı müharibəni qaçılmaz edir. İsrail-Qəzza savaşı fonunda son aylarda Yaxın Şərqdə vəziyyətin məqsədyönlü şəkildə yenidən gərginləşdirilməsi, xüsusən də Qırmızı dəniz ətrafında husilərlə İsrail, Livan ərazisində isə Hizbullahla İsrail arasındakı qarşıdurmanın böhran həddə çatması, İsrailin baş naziri Netanyahunun ABŞ Konqresindəki məlum çıxışı, orada keçirilən görüşlərin yekun nəticəsini bölgədə genişmiqyaslı müharibənin başlanmasına hazırlıq mərhələsi hesab etmək olar. Siyasi təhlilçi Mürtəza Bünyadlı qeyd edib ki, Yaxın Şərqdə genişmiqyaslı müharibənin başlanması zamanla bağlı olan məsələsidir: "Artıq ABŞ ehtimal olunan genişmiqyaslı müharibəyə hazırlıq işlərinə başlayıb. İsrailin Beyrutu bombalamasından sonra ABŞ hərbi donanması İsrail sahillərinə yaxınlaşmaqdadır. İran bölgədə başlayacaq müharibədən uduş əldə edə bilməyəcəyindən və bundan itirəcəyindən çəkindiyi üçün bacardıqca müharibədən qaçmağa çalışırdı. Prezident İbrahim Rəisinin İranın dərin dövləti tərəfindən aradan götürülməsi versiyası və dərin dövlət tərəfindən liberal mühafizəkarların təmsilçisi Səid Cəlilinin deyil, islahatçı Məsud Pezeşkianın da prezident seçilməsi buna xidmət edirdi. Tehran islahatçı Pezeşkian vasitəsilə Qərblə münasibətləri yumşaltmaq istiqamətində addımlar atmaqla vaxt qazanaraq Yaxın Şərqdə gözlənilən müharibədən yayınmağa çalışırdı. Lakin İranı müharibəyə cəlb etmək istəyən güclər İsrail-Hizbullah qarşıdurmasını dərinləşdirmək yolunu seçməklə və bunun ardınca daha sərt addıma əl ataraq HƏMAS liderini öldürməklə Tehrana müharibədən yayınmağa alternativ variant yeri qoymur. Çünki İsmayıl Haniyənin paytaxt Tehranda, özü də andiçmə günündə nümayişkəranə şəkildə öldürülməsi İrana ciddi mesaj idi".
Maraqlıdır, bu mesajın arxasında hansı hədəflər dayanır? Ekspert hesab edir ki, sözügedən mesajın arxasında bir neçə hədəf dayanır: "Birincisi, istənilən vaxt İranı vura bilərik və buna gücümüz yetir. Oyundan yayınmağa alternativ buraxmayacağıq. İkincisi, bu gün Qərbdə də İrana qarşı münasibətdə birmənalı mövqe yoxdur. Bəzi Avropa ölkələri, xüsusən Fransa, Almaniya, Avstriya və digərləri İranla münasibətlərin normallaşmasında maraqlıdırlar. Bu istiqamətdə də səy göstərirlər. Fransa prezidenti Makronun yeni seçilən prezident Məsud Pezeşkianla telefon danışığı və onu prezident seçilməsi ilə bağlı təbrik etməsi bunun bariz nümunəsidir. Digər tərəfdən isə ABŞ-dəki Demokratlar da İranla münasibətlərin normallaşmasında maraqlıdır. Əgər Demokratlar ABŞ-də seçkidə qalib gələrlərsə, o zaman Tehranın yeni lideri ilə münasibətlərin normallaşması istiqamətində addımlar atacaq. Artıq tərəflərin bu istiqamətdə bir-birinə müsbət mesajları olub. Lakin İranı çökdürmək istəyən güclər belə bir sərt taktikanı seçməklə həm Tehrana, həm də onu Qərbdə dəstəkləyən güclərə mesaj verdilər ki, başqa alternativiniz yoxdur.
Üçüncüsü, Haniyəni öldürməklə bölgədəki digər ölkələri də prosesə cəlb etmək istəyirlər. HƏMAS-ın təkcə İranla deyil, bölgədə və dünyanın bir çox digər ölkələri ilə sıx əlaqələri mövcuddur. Bu yolla onları da prosesə cəlb etmək istəyirlər.Yaxın Şərq uğrunda təkcə Qərb və ya İsrail deyil, eyni zamanda dünyanın digər gücləri, xüsusən də Rusiya və Çin də savaşır. Yaxın Şərqdə böhranın dərinləşməsi və müharibənin başlanması isə ilk növbədə Rusiya və Çinin maraqlarına xidmət edir. Hər iki dövlət yaranmış fürsətdən öz maraqları üçün istifadə etməyə çalışır və çalışacaq da... Yaxın Şərqdəki böhran onlara yönəlik təhdidləri müəyyən mənada arxa plana keçirəcək. Əgər dünya gücləri Yaxın Şərqdə hər an başlaya biləcək genişmiqyaslı müharibədən geri çəkilməzlərsə, o zaman bu müharibə Üçüncü Dünya müharibəsinin başlanğıcı olacaq".
Politoloq Turan Rzayev hesab edir ki, HƏMAS lideri İsmayıl Haniyənin İranın paytaxtı Tehran şəhərində indiki məqamda ölümü olduqca sirli və ciddi hadisədir: "HƏMAS liderinin ölümü ilə bağlı əsas şübhələr İsrail üzərində cəmlənir. Daha dəqiq desək, ağlagələn ilk versiya hadisənin Mossad tərəfindən təşkil edilməsidir. Bu iddianı gücləndirən əsas fakt isə İsrail Baş naziri Benyamin Netanyahunun 13 iyul 2024-cü ildə bütün HƏMAS rəhbərliyini hədələməsidir. İsrailin İsmayıl Haniyəni öldürmək istəməsi bir həqiqətdir. Təl-Əvivin bunu etmək üçün kifayət qədər səbəbi də vardı. Lakin indiki məqamda Təl-Əvivin HƏMAS liderini öldürməmək üçün də səbəbləri var. Birincisi, HƏMAS kifayət qədər qəliz bir təşkilatdır və bu təşkilatın bir çox aparıcı şəxslərinin adı məlum deyil. Hətta İsmayıl Haniyənin belə üzdə görünən lider olduğu deyilirdi. Lakin əsas məsələ odur ki, İsrail Haniyənin kim olduğunu, harada yaşadığını onsuz da bilirdi. Bilinən bir şəxslə mübarizə aparmaq, ona zərər vurmaq, onu təhdid etmək daha asandır, nəinki tanımadığı yeni bir şəxslə mübarizə aparmaq. İkincisi, İsrail Qəzzada apardığı əməliyyatlar nəticəsində HƏMAS-a ciddi zərər vurub. HƏMAS hazırda hərbi baxımdan heç olmadığı qədər zəifləyib. Yəni İsmayıl Haniyə ilə danışıqlara başlamaq üçün real şərait var ikən İsrailin onu öldürməsi məntiqli addım deyil. Üçüncüsü, İsrail Hizbullah ilə müharibəyə hazırlaşır. Bu istiqamətdə Livana müdaxilə planları qurulur. İsrailin belə bir zamanda İsmayıl Haniyəni öldürüb HƏMAS-ı kimin idarə etdiyini bilmədən Hizbullah ilə müharibəyə başlaması da məntiqli addım deyil. Haniyənin ölümü ilə bağlı diqqətçəkən bir detal onun 14 iyulda İran Prezidenti Məsud Pezeşkianla danışmasıdır. Haniyə telefon danışığı zamanı İsrailin Baş naziri Benyamin Netanyahunun son bəyanatlarında Qəzza zolağında atəşkəs üçün yeni şərtlər irəli sürdüyünü bildirib. Digər bir detal isə Pekində HƏMAS və FƏTH arasında Qəzzanın idarə edilməsinə yönəlmiş birlik sazişi imzalanmasıdır".
Onun sözlərinə görə, HƏMAS-ın indiki məqamda İsrail ilə atəşkəsə getməsi mümkündür: "Çünki belə bir atəşkəs hər iki tərəfə lazımdır. HƏMAS-ın gücünü toparlamaq, İsrailin isə Livanda Hizbullaha qarşı əməliyyatlara başlamaq üçün belə bir atəşkəsə ehtiyacı var. Lakin İsrailin Hizbullahla müharibəyə hazırlaşdığı bir zamanda İran belə bir sazişə isti baxmayacaqdı. Yəni mümkündür ki, Haniyə ilə Pezeşkian arasında baş verən telefon danışığı zamanı bu məsələ müzakirə edilib və Tehran tərəfi qəti şəkildə qəbul etməyib. HƏMAS və FƏTH arasında Qəzzanın idarə edilməsinə yönəlmiş birlik sazişi də Tehranın maraqlarına cavab vermir. Bütün bunları nəzərə aldıqda demək olar ki, HƏMAS lideri İsmayıl Haniyəni elə İranın özü sıradan çıxara bilər. Bunu həm də o baxımdan demək olar ki, o, İranın paytaxtı Tehran şəhərində raket zərbəsi ilə öldürülüb. İsrailin İranda kifayət qədər casusu, ya da üstün texnologiyası ola bilər. Lakin İran prezidentinin andiçmə mərasimi və ölkəyə gələn xarici ölkə rəsmilərinin olduğu bir zamanda təhlükəsizlik tədbirlərinin bu qədər zəif olması inandırıcı deyil. Belə dəqiqlikdə bir hücum ancaq və ancaq İranın özündən edilə bilər.
Digər maraqlı bir detal isə Haniyənin qətlindən bir neçə saat öncə Hizbullahın önəmli hərbi komandanlarından olan Fuad Şükrü də Livanın paytaxtı Beyrutda öldürülmüşdü. Bu hadisəni İsrail edib doğrudur, lakin İran da Haniyəni öldürərək bundan ustaca istifadə etmiş ola bilər. Çünki HƏMAS Hizbullahla ortaq hərəkət etmirdi. Necə ki, İsrail Qəzzada əməliyatlara başlayanda Hizbullah şimaldan müdaxilə etmədi, İsrail Hizbullaha hücum edərkən də HƏMAS buna səssiz qalacaq. İran bu iki proksisini ortaq hərəkət etdirmək üçün həm də belə bir addım atmış ola bilər".
Nurlan