Ermənistan- Rusiya münasibətlərinin sonu necə görünür?

Müəyyən fasilədən sonra Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi bərpa edilib. Artıq delimitasiya və demarkasiya işi ilə bağlı razılaşma əldə edilib. Siyasi ekspertlərin qənaətinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya qarşı yeritdiyi siyasətin mümkün fəsad və risklərini görmür. Hüquqşünas Vüqar Dadaşov isə tamamilə bunun əksini düşünür: "Bu qənaət tamamilə yanlış nəticədir. Əgər Paşinyan 2020-ci il Vətən müharibəsində Ermənistanın ağır məğlubiyyətindən və faktiki kapitulyasiya aktına imza atdıqdan sonra keçirilən seçkilərdə yenidən hakimiyyətdə qala bilibsə, deməli o, yürütdüyü siyasətin fərqindədir. Həmçinin, Azərbaycanın 2023-cü il 19-20 sentyabrda həyata keçirdiyi antiterror tədbirləri nəticəsində qondarma rejimin özünü buraxmasından sonra Ermənistanda geniş və uzunmüddətli "keşiş" mitinqlərindən hakimiyyətini qoruya bilibsə, deməli Paşinyan Rusiyaya qarşı yeritdiyi siyasətin real nəticələrini də görməyə bilməz. Əlbəttə ki, Rusiya Ermənistanda yeni açıq hərbi cəbhə açmaq istəmir, ancaq ən son anda hərbi gücdən istifadə edəcəyi şübhəsizdir. Paşinyanın belə riskli addımlar atması sözsüz ki, onun nəticələri görməməsi deyil, sadəcə onu Ermənistanda hakimiyyətə gətirən Qərbin bütün tapşırıqlarını icra etmək öhdəliyidir. Əlbəttə ki, Paşinyan həm özünün və həm də bütövlükdə Ermənistanın taleyinin böyük sual altında olduğunun fərqindədir.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə Ukrayna Rusiya qarşısında məğlubiyyətdən yaxa qurtara bilməyəcək. Bu məlumat özü-özlüyündə Rusiya - Ukrayna müharibəsinin sonluğu barədə konktetləşmədir. Donald Trampın isə ABŞ prezidenti postuna yenidən seçilmə ehtimalı yüksək olduğundan Ukraynanın bu müharibədə sonluğu acınacaqlı görünür. Bu halda nəinki, Ermənistanın, hətta Avropanın belə taleyi Rusiyanın istəyinə bağlanır. Yeri gəlmişkən, Rusiya rəsmiləri açıq şəkildə bildirirlər ki, əgər rəsmi Kiyev Moskvanın istəklərini nəzərə alsaydı, toxunulmaz qalacaqdı.
Son günlər isə İsrail -Türkiyə münasibətlərinin gərginləşməsi, diplomatik söz duelinin real hərbi qarşıdurmaya keçmə ehtimalı barədə müzakirələr gedir. Əvvəla Donald Trampın yenidən ABŞ prezidenti postuna gələcəyi halda, Yaxın Şərqdə müharibənin genişlənmə ehtimalı artır. Ancaq Türkiyə və İsrail arasında birbaşa hərbi toqquşma mümkün deyil. İsrailin Türkiyənin NATO üzvlüyündən xaric edilmə təklifi isə NATO üçün tam qəbuledilməzdir. İsrailin bu təklifi  Türkiyənin manipulyasiya və manevr imkanlarını genişləndirir. Prezident  Ərdoğanın dövründə Türkiyənin texnoloji və hərbi sənaye ilə önə çıxması, enerji daşıyıcılarının tranziti və özünün ixracçıya çevrilməsi, həm də Türkiyənin Rusiya və   Çinlə münasibətlərinə təsir edir. Bu ümumən Qərb və NATO-nun Türkiyə ilə son dərəcədə ehtiyatlı davranmasını şərtləndirir. Qərb heç bir halda İsrail - Türkiyə müharibəsinə imkan verən deyil, çünki bu müharibə Türkiyənin NATO - dan çıxması ilə nəticələnə bilər". 

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31