İsmayıl Haniyənin öldürülməsi bir çox yerə mesajdır- ÖZƏL
31 İyul 2024 14:41 Siyasət"HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi şübhəsiz ki, İranı və onun güc strukturlarını çox çətin vəziyyətə salacaq".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Burda bir amil özünü daha çox göstərir ki, Haniyə İsrailin uzun müddət hədəfində olan şəxs idi. İsrail tərəfindən izlənilirdi. Başqa ölkədə də öldürülə bilərdi, ancaq xüsusi şəkildə onun aradan götürülməsi üçün İran seçildi. Xüsusi ilə də İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi günü Haniyə aradan götürüldü. Bu bir çox yerə mesajdır. İlk növbədə Məsud Pezeşkianın özü üçün mesajdır. İkinci növbədə İranın təhlükəsizlik qüvvələri və SEPAH üçün mesajdır. Üçüncü növbədə isə Qərb üçün mesajdır. Məlum olduğu kimi, Pezeşkian Qərblə münasibətləri yumuşaltmaq istəyirdi və buna İranın daxilində güclü etirazlar vardı. Məhəmməd Cavad Zərif Qərblə münasibətlərin normallaşdırılması siyasətinə rəhbərlik edirdi. Zərifin Qərbdə güclü əlaqələri var. O, Qərbdə təhsil alıb. İranda buna qarşı etirazlar vardı. İsrail nəyin bahasına olur, olsun, İranla Qərbin münasibətlərinin yaxşılaşmasını istəmir. İsrailin istədiyi məsələ İran və Qərbin münasibətlərinin gərgin olmasıdır, bunun üçün çalışır. Buna görə də Haniyənin öldürülməsindən sonra Pezeşkian höküməti İsrailə cavab verməyə məcbur olacaq. Cavab verməlidir, əks halda bu onun nüfuzdan düşməsinə səbəb olacaq. Bu, çox ciddi sınaqdır. İsmayıl Haniyə dəfn olunandan sonra İran cavab fikirləşməlidir. Bu, həm də Qərbə sınaqdır ki, İranla əlaqələri düzəldə bilməz, çünki İsrail bunu istəmir. Bu, İranın təhlükəsizlik qüvvələrinə də İsrailin bir mesajdır ki, biz istənilən məmuru Tehranın özündə aradan götürə bilərik. Bundan sonra Yaxın Şərqdə gərginlik daha da artacaq və İran İsrailə cavab verməyə məcburdur. Bu isə Yaxın Şərqdə gərginliyi artıracaq".