Rəsmi Parislə Tehran Qafqazda eyni siyasət yürüdür- ÖZƏL

"İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın  andiçmə törəninin keçirildiyi gün onun "Tehran Times" nəşrində  haqqında bəhs etdiyi qonşularla normal əlaqə, qarşılıqlı faydaya dayanan əməkdaşlıq və sair məsələlərin arzu olaraq qalacağı üzə çıxdı. İranın Ali dini liderinin Ermənistan baş naziri ilə görüşdə Zəngəzur dəhlizi haqda dedikləri məhz bunun təsdiqidir". 

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib:

"Regiondakı reallıqdan az-çox xəbərdar olan hər kəs gözəl bilir ki, Zəngəzur dəhlizinin işə düşməsi Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasına xidmət etməklə yanaşı, digər qonşu dövlətlərə də fayda gətirəsidir. Seyid Əli Xamenei isə açıq şəkildə Paşinyana bildirir ki, "Zəngəzur dəhlizi ideyası Ermənistanın maraqlarına cavab vermir". Həm də o, digərləri "qonşu dövlətlər arasında əlaqələrə qarışmamalıdırlar" fikrindən sonra bunu deyir.  Bəs onda  nədən İran özü belə bir müdaxiləyə yol verir? Zəngəzur dəhlizi ilk növbədə  iki qonşu ölkəyə- Azərbaycanla Ermənistana aid  məsələdir, İran bununla bağlı niyə fikir bildirməlidir?  Sovetlər dönəmində sözügedən dəhliz işləyirdi, bundan Ermənistana zərər dəyirdi?
  İranın Ali dini liderinin Ermənistanın baş naziri ilə görüşündə  dindən də danışıldığı və bu zaman Fransanın pislənildiyi qeyd edilsə də, orada Qriqorian kilsəsi haqda nəsə deyilib-deyilmədiyi açıqlanmır.  Xatırladım ki,  rəsmi İrəvanla eçmədzindəkilər arasında kəskin qarşıdurma var və  bu  tehrandakıların heç də xoşuna gəlmir. İranın Ermənistandakı səfiri ilə məsləkdaş və sıx ünsiyyətdə olan, bizim region üzrə mütəxəssis sayılan fars eksperti  keşiş Baqratın aksiyalarının qızğın çağlarında yazırdı ki, onların Qafqazda güvənə biləcəkləri "iki güç" var, biri Qriqorian kilsəsi, digəri isə "Hüseyniyyun"dur.  
  Fransa din məsələsində pislənsə də, o ölkənin rəhbərliyinin  bizim regiona yanaşmada yeritdiyi siyasət inanmıram ki, tehrandakıları çox da narazı salsın.  Hardasa yarım ay  bundan öncə İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin "Azadlıq" radiosuna verdiyi intervüdə  Qarabağdakı hayların öz xoşlarına oranı tərk etmədikləri, ona görə də geri qaytarılmalı olduqlarından dəm vurulurdu.  İndi də Fransanın səfiri həmən mahnını oxuyur və bununla da bir zaman söylədiyi fikirlərin, yəni rəsmi Parislə Tehranın Qafqazda  eyni siyasət yeritdiklərinin doğruluğunu ortaya qoyur. "Zəngəzur dəhlizi ideyası Ermənistanın maraqlarına cavab vermir" deməklə rəsmi Tehranın da onun işə düşməsini istəmədiyini sərgiləyən Xamenei görəsən Qərbi Azərbaycandan olan dindaşlarının öz yurd yerlərinə dönmələri haqda nə düşünür?  Bunu Qriqorian kilsəsi üçün təhlükə və "qırmızı xətt" saymır ki? Ritorik sual oldu, deyilmi?"
Alim Hüseynli 
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31