"Biz dilimizlə fəxr etməliyik"- ÖZƏL
29 İyul 2024 13:18 Siyasət"1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü milli kimliyimizə, tarixən formalaşmış sarsılmaz ənənələrimizə olan bağların ifadəsi baxımından olduqca önəmlidir". Olaylar xəbər verir ki, bunu millət vəkili Sevinc Hüseynova deyib: "Ulu Öndərimiz Heydər Əliyev də vurğulayırdı ki, müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin". Sözsüz ki, tarixin ayrı-ayrı dövrlərində ana dilinin inkişafına süni maneələr yadılıb. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gəlmişdi. Keçmiş SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da güclənmişdi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz qalmışdılar. Amma bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olub".
Alim Hüseynli
Olaylar.az