Səyyahların Qarabağa səfəri erməni vandalizminin ifşası baxımından əhəmiyyətlidir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq-abadlıq işləri dünya ölkələrinin diqqət mərkəzindədir. Məlum olduğu kimi öz suverenliyi və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, mədəni, dini və tarixi abidələrin bərpası ilə məşuldur. Çünki qarşıda işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış planını reallaşdırmaq kimi mühüm vəzifə durur. Etiraf edilməlidir ki, müharibənin başa çatmasından qısa müddət ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə xeyli bərpa-quruculuq işləri görülüb ki, bu da Azərbaycan dövlətinin gücünü göstərir. Qeyd edilməlidir ki, Azərbaycan öz ərazilərində həyata keçirilən quruculuq-bərpa işləri üçün heç bir beynəlxalq donordan yardım almır, bütün layihələr daxili imkanlar hesabına reallaşdırılır. 
Yeri gəlmişkən qeyd edək ki, yenidənqurma prosesi çərçivəsində "ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji" konsepsiyalarından istifadə olunur. İlk pilot layihənin icrasına başlanıldığı Zəngilanın Ağalı kəndinin bərpasında ən müasir texnologiyalar tətbiq olunub. Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur quruculuğu proqramı çərçivəsində beynəlxalq səviyyəli üç hava limanının inşasının sosial-iqtisadi baxımdan kifayət qədər önəm təşkil edir.
İşğaldan azad olunmuş ərazilərdə reallaşdırılan bərpa proqramı çərçivəsində, həmçinin üç onillik ərzində erməni vandalları tərəfindən dağıdılmış və yaxud təhqir edilmiş mədəni-dini abidələrimizə də yeni həyat verilməsi prosesinə start verilib. Artıq Şuşa şəhərinin mədəni həyatının bərpası istiqamətində mühüm işlər görülüb. Belə ki, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qaytarılıb. Şuşada vaxtilə keçirilən "Vaqif" poeziya günləri və "Xarıbülbül" festivalının bərpa olunub. 
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən sürətli quruculuq işləri beynəlxalq aləmin ölkəmizə olan marağını artırıb. Məhz bunun nəticəsidir ki, bir qrup beynəlxalq səyyahın Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Səfər dünya miqyaslı dörd nəhəng səyyah klubundan biri olan MTP (Most Traveled People) səyahət klubu tərəfindən təşkil olunub. Heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluğa düşmüş Çarlz Vilinin (Charles Veley) rəhbərliyi ilə 13 ölkədən 35 tanınmış səyyah daxildir. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var. Qarabağa səfərləri Füzulidən başlayan səyyahlar Şuşa-Xankəndi-Ağdam marşrutu üzrə hərəkət edərək, Xocavənddə, Şuşada, Xankəndində və Ağdamda olacaqlar. Ardınca Şərqi Zəngəzura - Laçına, Zəngilan və Cəbrayıla (Xudafərin körpüsü) səfər edəcəklər. Onlar üçgünlük səfər çərçivəsində Ermənistanın işğalı altında olduğu illərdə Qarabağ regionunda baş vermiş dağıntılarla, həmçinin rayonda aparılan bərpa işləri ilə tanış olacaqlar.
Qeyd edək ki, MTP bundan əvvəl üç dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib, bu həmin klubun işğaldan azad edilən ərazilərə sayca dördüncü səfəridir. Vətən müharibəsindən ötən dörd il ərzində isə 50-ə yaxın ölkədən 400 nəfərə yaxın beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzura on dəfə səfər edib. Bugünkü səfər bu qəbildən olan sayca 11-ci səfərdir. Bu səfərlər azad edilmiş ərazilərdəki böyük dağıntılar və aparılan nəhəng quruculuq-bərpa işləri ilə yerində tanış olmağa imkan yaratmaqla, reallıqların dünyaya nümayişi üçün müstəsna əhəmiyyət daşıyır. Beynəlxalq səyyahların sosial mediada dünyanın ən müxtəlif bölgələrindən xeyli sayda izləyici ordusu var. MTP (Most Traveled People) səyahət klubunun təsisçisi və rəhbəri, amerikalı səyyah Çarlz Vili bir neçə gün əvvəl "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda II Şuşa Qlobal Media Forumununda da iştirak edib. O həmin forumda "feyknyus"ları ifşa etməkdə beynəlxalq səyahətçilərin rolunu vurğulayıb, bir sıra xarici media orqanlarında Qarabağ barədə təqdim olunan saxta məlumatlarla yerində gördükləri arasında kəskin fərqi izah edib.
Etiraf edək ki, bu cür səfərlər vasitəsilə dünya ictimaiyyətininin diqqətini işğaldan azad olnmuş ərazilərdə törədilən vəhşiliklərə yönəltmək mümkün olur. Səyyahlar həm də Qarabağda aparılan sürətli bərpa və quruculuq işləri ilə tanış olurlar. Xarici qonaqlar həmin ərazilərin işğal zamanı vəziyyəti və işğaldan azad edildikdən sonra aparılan quruculuq işləri ilə tanış olmaqla, ermənilərin hansı xislətə malik olduqlarını görürlər. Səyyahların Qarabağa səfər etməsi bölgənin turizm potensialnın da dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyətə malikdir. Dünyanın səyyah elitasının Qarabağ və Şərqi Zəngəzura ardıcıl səfərləri, hər dəfə heyətin daha da genişlənməsi onu göstərir ki, bölgədə qısa müddətdə Azərbaycan dövlətinin apardığı nəhəng və genişmiqyaslı quruculuq işləri dünyada heyrətlə qarşılanır. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin denya ictimaiyyətinə tanıdılması, Ermənistanın törətdiyi müharibə cinayətlərinin yerində nümayişi üçün də müstəsna əhəmiyyət daşıyır.
 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31