ABŞ-nin Azərbaycanla bağlı siyasəti Avropa kontekstindən çıxa bilər- ÖZƏL
26 İyul 2024 11:50 Siyasət"Donald Tramp prezident seçiləcəyi tədqirdə Azərbaycanla bağlı siyasəti Avropa kontekstindən çıxacaq. Həmçinin, ABŞ üçün müəyyən mənada Avropanın enerji və milli təhlükəsizliyi prioritet olmayacaq". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib: "Donald Trampın rəhbərliyi ilə ABŞ-nin bu siyasəti Avropanın parçalanmasını və daxili fikir ayrılığının dərinləşməsini sürətləndirəcək. Avropa ölkələri də öz milli enerji təhlükəsizliyi ilə ayrı-ayrılıqda məşğul olmağa başlamalı olacaqlar. Trampın yürüdəcəyi siyasət ümumən türk birliyinin güclənməsinə mane olmayacaq. Bu da Azərbaycan, Türkiyə və digər türk dövlətlərinin təmsil olunduqları yeni güc mərkəzi kimi meydana gələn Türk Dövlətləri Təşkilatının oturuşmasına imkanlar yaradır. Co Bayden hakimiyyətinin isə türk birliyinə qarşı olduğu məlumdur".
Onun sözlərinə görə, Ermənistan meydanında Qərb-Rusiya qarşıdurması Rusiyanın xeyrinə dəyişəcək: "Sözsüz ki, Ermənistanın Rusiya caynağından qurtulması bütün variantlarda mümkün deyildi. Bu baxımdan, ABŞ prezidentliyinə Trampın gəlməsindən ən razı qalan Rusiya olacaq. Zəngəzur dəhlizinə Rusiyanın nəzarəti reallaşa bilər. ABŞ və Qərb dövlətlərinin buna imkan verəcəyi isə sual doğurur".
Alim Hüseynov
Olaylar.az