Ermənilərin qərəzli təbliğat siyasəti darmadağın edilib
26 İyul 2024 12:30 Siyasətİstiqamət: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən Azərbaycan bu gün tamamilə fərqli statusda çıxış edir. Cənubi Qafqaz regionunda liderliyini təmin edən ölkəmiz son illər təkcə sosial-iqtisadi sahədə deyil, xarici siyasət sferasında da mühüm uğurlara imza atıb. Yeni dünya nizamının gerçəkliklərinə cavab verən daxili və xarici siyasət yeridən, milli maraqlarını qətiyyətlə müdafiə edən, Avropanın enerji təhlükəsizliyində söz sahibinə çevrilən Azərbaycan diplomatik fəaliyyət sahəsində artıq müdafiə deyil, hücum taktikasından çıxış edir. Bu gün beynəlxalq birlik respublikamızı regionda sülhü, inkişafı, tərəqqini, səmərəli əməkdaşlıq təşəbbüslərini dəstəkləyən dövlət kimi tanıyır. Azərbaycan yürütdüyü uğurlu diplomatiya sayəsində bədnam erməni lobbisinin məkr və iftira üzərində qurulmuş qərəzli təbliğat siyasətini darmadağın edir. Ölkə rəhbərliyinin "hücum diplomatiyası" sayəsində ermənilərin münaqişə ilə bağlı gerçəklikləri təhrif etmək, dünyanı çaşdırmaq cəhdləri də puça çıxır. Ermənistan bu gün dünyada işğalçılıq siyasəti yürüdərək özünü qlobal iqtisadi layihələrdən təcrid edən, bütövlükdə Cənubi Qafqaz regionunun iqtisadi inkişafını ləngidən dövlət kimi tanınır. Təcavüzkar dövlət regionda başqa dövlətin "for-postu" kimi çıxış edir və sülh danışıqlarını süni şəkildə uzatmaqla vaxt udmağa çalışır. Buna baxmayaraq, ermənilərin himayədarları rolunda çıxış edən bir sıra Qərb dövlətləri onların bu addımına informasiya dəstəyi verərək Azərbaycan barədə dezinformasiya yaymaqla məşğuldurlar. Çox təəssüf ki, yaranməş vəziyyət beynəlxalq ictimaiyyəti çaşdırmaqla yanaşı, sülh müqaviləsinin bağlanmasını da ləngidir. Belə bir şəraitdə yenə də Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq ictimaiyyətə əsil həqiqiəti çatdırmaq missiyasını öz üzərinə götürdü. "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumuna qatılan 50 ölkənin jurnalisti regionda cərəyan edən hadisələrlə bağlı əsil həqiqəti məhz Prezident İlham Əliyevin şəxsən özündən eşitdilr. Dövlət başçısı bəyan etdi ki, Azərbaycana qarşı qərəzli məlumatların yayılması məqsdli şəkildə edilir: "Təəssüf ki, bu, Qərbdən qaynaqlanır və dediyim kimi, bu, bizim gündəlik həyatımızın bir hissəsinə çevrilib. Əvvəllər biz təəccüblənirdik, sonra məyus olurduq, indi isə buna çox biganə yanaşırıq. Bizim üçün fərq etməz, çünki burada əsas qərar sahibi Azərbaycan xalqıdır və hökumətin fəaliyyəti məhz xalqın mənafeyi naminədir. Əlbəttə, biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Bu, müəyyən dezinformasiya sayəsində obyektiv deyilsə, eybi yoxdur. Ancaq bu, məqsədyönlü şəkildə edilirsə, bu, Azərbaycanı nüfuzdan salmağa yönəlibsə, əlbəttə, biz sual veririk ki, bu, nədən baş verir, bu, niyə belə olmalıdır? Dediyim kimi, bizim bununla bağlı edə biləcəyimiz o qədər də çox deyil. Bu gün Qarabağda apardığımız işlər, ola bilsin ki, bu vəziyyəti dəyişə bilər. Ancaq vaxt keçdikcə siyasi dairələrdə - Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Yəni, sizin regionunuzda olan ölkələrdən nə qədər çox insan buralara gəlsə, ölkəmizlə bağlı anlayış daha dəqiq olar. Əlbəttə ki, Azərbaycanın sizin Qərb ölkələri ilə əlaqələri də daha yaxşı olacaq. Çünki təəssüratlar, media və ictimai həyatın digər elementləri qərar qəbul edənlərin mövqeyinə təsir edir və onlar ictimai rəyi nəzərə almaya bilməzlər. Çünki bəzən biz demonizasiyaya məruz qalırıq. Bəzən elə siyasətçilər var ki, onların səyləri nəticəsində biz onların ölkələrinin xeyrinə müsbət qərar qəbul edə bilmirik. Ona görə də biz daha da yaxınlaşmalıyıq və yaxınlaşdıqca daha az yanlış məlumatlar olacaqdır".
Ekspertlər hesab edirlər ki, bu gün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması çox önəmli bir məsələdir. İnformasiya mübarizəsi artıq silahlı mübarizəyə alternativ kimi qiymətləndirilə bilər. Son iki əsrdə yüz minlərlə həmvətənlərimiz mərhələ-mərhələ həyata keçirilən soyqırım, etnik təmizləmə və deportasiya siyasətinin qurbanı olub. Bu antibəşəri siyasətin 1988-ci ildən başlayan növbəti mərhələsinin hamımız canlı şahidləriyik. Azərbaycanın əzəli və ayrılmaz ərazisi olan Qarabağda erməni separatizmi, torpaqlarımızın 20 faizinin işğal olunması, 1 milyondan artıq vətəndaşımızın dədə-baba yurdlarından didərgin salınması, kütləvi qətl və qırğınlar, terror aksiyaları, işğal edilmiş ərazilərimizdə misli görünməmiş erməni vandalizmi - bütün bunlar, təəssüflə qeyd edilməlidir ki, müasir dünyanın gözü qarşısında baş verib. YAP Gədəbəy rayon təşkilatınn sədri Rüstəm Nağıyevin sözlərinə görə, dünyada gedən siyasi proseslər göstərir ki, hələ də bəzi siyasi güclər, xüsusən Qərb dairələri ikili standartlarla yanaşmalardan, dezinformasiya siyasətindən əl çəkə bilmir, bir sıra hallarda qarayaxma kampaniyasını sürətləndirməklə istəklərinə nail olmağa çalışırlar. Cəmiyyətdə yanlış təsəvvürlər yaratmaqla bir sıra ölkələrin daxili işlərinə qarışma cəhdləri bunu aydın şəkildə göstərir: "2023-cü ilin sentyabrında Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonraölkəmizə qarşı Fransanın, eləcə də digər Qərb ölkələrinin apardığı kampaniya da bunun nümunəsi kimi dəyərləndirilməlidir. 30 il işğal altında qalan Qarabağın xarabalıqlarından danışmayan media orqanları olmayan etnik təmizləmədən, mədəni-tarixi abidələrin dağıdılmasından danışmağa üstünlük verdilər. Halbuki ermənilər işğal olunmuş ərazilərdə nəinki etnik təmizləmə aparmış, daşı daş üstə qalmağa belə qoymamışdılar. Onda isə hamı susurdu. Daha sonra isə Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi məlum olanda yenidən hücumlara start verildi. Bu barədə İyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd edib ki, " Təəssüf ki, bizə qarşı çox geniş və koordinasiya edilmiş media prosesi başladı, biz ilk vaxtlar buna hazır deyildik. Biz izah etməyə çalışırdıq, bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir. Biz iqtisadiyyatımızı necə şaxələndirmişik, işsizliyin öhdəsindən necə gəlmişik, yoxsulluğu necə azaltmışıq, mövzular bunlar olmalıdır. Bu gün bu göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir, bəzən ondan daha aşağı, daha azdır, yoxsulluq beş faiz səviyyəsindədir və bəzi ölkələr bunu heç yuxusunda görə bilməz."
Maraqlıdır ki, COP tədbirinin keçirildiyi ölkə daim tənqidlərə və ittihamlaraa məruz qalır. Bizdən əvvəl də BƏƏ və Misir eyni aqibətlə üzləşib. Lakin Qlazqoda- İngiltərənin neft hasil edilən əyalətində keçirilən tədbirə belə reaksiya verilməyib. Bu da onu göstərir ki, hələ də ikili standartlar qüvvədə qalmaqda davam edir. Lakin bununla Azərbaycanın siyasi və iqtisadi müstəqillik yolunda nailiyyətlərinin qarşısının alınacağına ümid bəsləyənlər yanılır. Çünki ölkəmizin başçısı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi fəal siyasət buna imkan vermir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan bəlkə yeganə ölkədir ki, bizim regionumuzda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb. Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, "OPEC Plus" formatının üzvü kimi neft hasil edən ölkələrlə fəal iş aparır. Eyni zamanda "yaşıl dünya naminə həmrəylik" siyasətinin həyata keçirilməsi də göstərir ki, ölkəmiz bəşəri dəyərlərə, planetmizin, atmosferin qorunmasına diqqətlidir.
Bu gün Azərbaycanı bir sıra olmayan məsələlərdə ittiham edən Fransanın həyata keçirdiyi neokolonializm siyasətinin iyrəncliyi haqqında isə təəssüf ki çoxları susur. Halbuki Azərbaycanı etnik təmizləmədə suçlayan Fransa hələ də kolonialist siyasət yürütməkdə, xalqlara qarşı iyrənc siyasətini davam etdirməkdədir. Cənab Prezident qeyd edib ki, "Çünki kolonializmdən əziyyət çəkən həmin xalqların səsini heç kəs eşitmir. Çünki az sayda ölkə var ki, Fransanı əməllərinə görə ittiham etsin. Bir çox ölkələr buna göz yummağa çalışırlar, başqa tərəfə baxmağa çalışırlar. Özlərinə başağrısı axtarmırlar. Onlar qorxurlar ki, "Fiqaro" və ya "Le Monde" qəzetlərində demonizasiyaya məruz qalarlar." 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Şuşa Forumunda səslənən fikirlər bir daha Azərbaycanın doğru yolda olduğunu, dezinformasiya və ikili standartların bizi yolumuzdan döndərə bilmyəcəyini bir daha təsdiqləmiş oldu.
Sonda qeyd edək ki, biz eyni hədəfə doğru hərəkət etməklə, birgə elmi potensialımızı, əməkdaşlıq əlaqələrimizi gücləndirməklə mənfur erməni təbliğatını durdura, dünyanı öz haqq işimizə inandıra bilərik. Bu işdə Azərbaycan gənclərinin böyük elmi potensialının olması sevinc və qürur hissi yaradır. Bu potensialdan səmərəli istifadə etmək isə hər birimizin üzərinə düşən məsuliyyətdir. ölkə Prezidenti İlham Əliyev vurğuladığı kimi informasiya mübarizəsində hücuma keçməli, daha da fəal olmalıyıq.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.