Kollektiv Qərbin növbəti qurbanı-Elmir Səftərov- ÖZƏL
25 İyul 2024 15:31 Siyasət"İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar Ermənistanın Rusiyaya qarşı münasibətlərində ciddi dəyişikliklərə gətirib çıxardı. Məğlubiyyətin məsuliyyətini üzərindən atmağa çalışan İrəvan hakimiyyəti Rusiyanı səbəbkar göstərməklə ənənəvi əməkdaşlıq siyasətindən kənar fərqli bir yol tutmağa başladı. Yaranan əlverişli şəraitdən isə Qərb çox gözəl istifadə edərək, Ermənistanı şirnikləndici vədlərlə öz tərəfinə çəkmək üçün geniş fəaliyyətə start verdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov qeyd edib:
"Əvvəlcə 2021-ci ildə işğalçı Ermənistana Avropa İttifaqının 2.6 milyard avroluq yardım paketi ayırması, bunun müqabilində isə ərazisi 30 ilə yaxın işğalda qalan, milyonlarla qacını və məcburi köçkünü olan, şəhərləri bombalanan, milyardlarla ziyan dəyən Azərbaycana cəmi 150 milyon avroluq yardım nəzərdə tutulması Aİ-nin səmimiyyətsizliyinin, ikili standartlar nümayiş etdirdiyinin bariz nümunəsi idi və Cənubi Qafqazda yerləşməsi üçün etdiyi cəhdlərinin artıq başladığına işarə verirdi. Növbəti ciddi addım isə Avropa İttifaqının 2022-ci ilin oktyabrında Ermənistana Monitorinq Missiyası göndərməsi və sonradan onların saylarının artırılması ilə orada möhkəmlənmək üçün çalışması səyləri idi. 2023-cü ildə başlayan və bu il yenidən keçirilən ABŞ və Ermənistan hərbçilərinin birgə təlimləri, 2024-cü il aprelin 5-də ABŞ-Aİ-Ermənistan üçtərəfli formatdakı görüşü, cari ilin martında isə Avropa Parlamenti Aİ ilə Ermənistan arasında daha sıx əlaqələr haqqında qəbul edilən qətnamə də eyni planın tərkib hissəsidir. Bundan sonra Ermənistanın Müdafiə Nazirliyində ABŞ ordusunun nümayəndəsinin fəaliyyətə başlaması Qərbin bir neçə ildir sistemli şəkildə regiona yerləşmək cəhdlərinin davamı kimi xarakterizə oluna bilər. Bir neçə gün əvvəl isə Avropa Sülh Fondu tərəfindən Ermənistana 10 milyon avro məbləğində yardımın ayrılması barədə qərar qəbul olundu".
E.Səftərov qeyd edir ki, əslində proseslərin artan xətlə inkişaf edəcəyi proqnozlaşdırılırdı:
"Ermənistanın Rusiyanın rəhbərlik etdiyi hərbi blok olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğu müddətdə Aİ-dən yardım alması nə qədər gözlənilməz olsa da, artıq reallığa çevrilir. Bundan əvvəl isə Avropa Sülh Fondunun eyni mexanizm vasitəsilə Ukraynaya, Gürcüstana və Moldovaya dəstək verilməsi əslində, kollektiv Qərbin Ermənistanı növbəti qurban seçməsi anlamına gəlir.
Keçmişdə erməniləri Osmanlını zəiflətmək üçün istifadə edən Qərb bu gün də eyni siyasət xəttini davam etdirir, Ermənistana edilən yardımlarla Türkiyə və Azərbaycanda sabitliyi pozmaq üçün gələcəyə hesablanan uzunmüddətli səylər göstərilir. Onlar Birinci Qarabağ müharibəsində və ondan əvvəlki proseslərdə Ermənistanın işğalını görməzdən gələrək və erməni kartından istifadə edərək Türk dünyasının birləşməsinin, güclənməsinin qarşısını müvəqqəti də olsa aldılar.
Çinin "Bir kəmər, bir yol" layihəsində Azərbaycanın aparıcı iştirakçıya çevrilməsi nəqliyyat dəhlizlərinə nəzarəti öz əlinə almaq istəyən Qərbin maraqlarına ziddir. Bu baxımdan da Zəngəzur dəhlizinin açılması və ora region dövlətlərinin nəzarətində olması qlobal səviyyədə maraqlar toqquşmasına səbəb olur. Ona görə də ABŞ və Avropa nəqliyyat yolları uğrunda öz təsirlərini artırmaq üçün Ermənistandan istifadə edir. Lakin reallıq ondan ibarətdir ki, əgər Ermənistan öz gələcəyinin uğurlu olmasını, əməkdaşlıq mühitinin yaranmasını, inkişaf etməsini istəyirsə, Azərbaycan və Türkiyə ilə anlaşmalı, bu iki dövlətin maraqlarını rəhbər tutmalıdır".
Qiymət Mahir