İran-Azərbaycan münasibətləri üçün yeni bir dövr başlayıb - ÖZƏL

"İran Azərbaycanla qonşu dövlətdir. Qonşu dövlətlərin bütün hallarda mehriban və qarşılıqlı hörmət şəraitində yaşaması vacibdir".


Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Heç bir qonşunun əbədi düşmənçiliyi onların heç birinə fayda gətirməyib. Biz bunu Azərbaycanın və İranın timsalında da görürük, qiymətləndiririk. İndiyə qədər Azərbaycan-İran münasibətləri rəvan və düz xətt üzrə getməyib. Qalxmalar, enmələr, fasilələr olub və əksər hallarda da bu İranın bölgədə baş verən hadisələrə uyğun qurduğu siyasəti ilə bağlı olub.
Birmənalı deyə bilərəm ki, indiyə qədər İran və Azərbaycan münasibətlərinə iki faktor təsir göstərib. Birincisi, Ermənistanın təcavüzünün və bunun nəticələrinin bölgədə hələ bir reallıq kimi saxlandığı dövrlər, ikincisi, İsrail və Azərbaycan münasibətləri. İran bunların hər ikisinin real hissəsini çox təəssüf ki, qəbul edə bilmədi. Həm Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığı və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına münasibətdə İran lazımi münasibəti və qətiyyəti göstərə bilmədi, faktiki sürətdə təcavüzkar Ermənistanın tərəfini saxladı, Azərbaycanın ərazi bütövlüyünün bərpasının regionda sülh üçün çox vacib olduğuna lazımi qiymət verə bilmədi. Eləcə də, Azərbaycanın hər hansı bir dövlətə qarşı çevrilməyən siyasət prinsipi çərçivəsində İsraillə əməkdaşlığını lazımi qaydada qəbul edə bilmədi. İsrail-Azərbaycan əməkdaşlığına İranın reaksiyası zaman-zaman İran-Azərbaycan münasibətlərində öz təsirini göstərib. Hətta elə olub ki, bunun üçün İran Azərbaycana nota verib, Azərbaycanı hədələyib. Təbii ki, bunlar Azərbaycanı mövqeyindən çəkindirməsə də, amma hər halda iki ölkənin münasibətlərindəki bütün potensial istiqamətlərin üzə çıxmasına imkan verməyib.
Bu nöqteyi nəzərdən hər iki amili indi bir daha yada salsaq, İran-Azərbaycan münasibətləri üçün yeni bir dövr başlayıb. Yəni, artıq Ermənistanın bölgədə təcavüzü bir fakt kimi mövcud deyil. Azərbaycan güc hesabına erməni təcavüzün qabağını aldı və bununla bütün dünya barışdı ki, Azərbaycanın öz ərazilərini azad etmək haqqı var idi. Bu, bir reallıqdır. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi bölgədə yeni bir reallıq olduğuna görə, İran da siyasətini bölgədə quranda bu amili mütləq nəzərə almalıdır və bu amil çərçivəsində İranın Ermənistana əvvəlki münasibəti dəyişməlidir. Əgər İranın Ermənistana münasibəti Ermənistanın təcavüzünün davam etdiyi dövrlərdəki kimi olacaqsa, əlbəttə, İran-Azərbaycan münasibətlərində normallaşmadan danışmaq mümkünsüzdür. Amma ehtimal azdır ki, İranın ali rəhbərliyi əvvəlki ambisiyaları davam etdirəcək. Düzdür, biz bəzi İran məmurlarının bəyanatlarında hələ də köhnə havaları görürük. Ermənistanla bağlı, Ermənistanın ərazi bütövlüyü ilə bağlı, Zəngəzur dəhlizi ilə bağlı, Ermənistanın keçmiş Dağlıq Qarabağda mövcud olmuş erməni azlığı ilə bağlı bəzi İran məmurlarının hələ bu gün də bəzi pozucu rol oynayan bəyanatlarına rast gəlirik. Amma gözləntilərimiz ümumən budur ki, İranın ali rəhbərliyi, yeni prezident erməni təcavüzünə son qoyulması və Azərbaycan ərazilərinin bütövlüyünün təmin olunması kimi müasir regional geosiyasi reallığa lazımi münasibəti göstərsin və göstərməlidir.
İranla Azərbaycanın il yarımlıq fasilədən sonra diplomatik-siyasi münasibətləri, əməkdaşlığı yenidən bərpa olunub. Hər halda İran indiyə qədər olan hadisələrdən yəqin ki, lazımi nəticəni çıxaracaq. Həmin o terror hadisəsi iki ölkənin əməkdaşlığının il yarımlıq fasiləsinə səbəb olduğuna görə, bu hadisənin bir daha təkrarlanmaması üçün yəqin ki, İran özündən asılı olan hər şeyi edəcək.
Əlbəttə, münasibətlərin bərpa olunması regionda əməkdaşlıq baxımından çox əhəmiyyətlidir. İki ölkənin münasibətlərinin yaxşı olmasının bir sıra regional layihələrin daha səmərəli işləməsinə təsiri var. Məsələn, regionda çox vacib olan "Üç+Üç" formatında əməkdaşlığın və proseslərin açılması üçün buna ehtiyac var. Şimal-Cənub Nəqliyyat Dəhlizinin müxtəlif seqmentlərinin işə salınması üçün İran-Azərbaycan münasibətlərinin normallaşmasına ehtiyac var. Azərbaycanın Qərb bölgələrindən Naxçıvana yolun açılmasının bir kommunikasiya olaraq tam gücü ilə işə düşməsinin, əlbəttə, İran- Azərbaycan münasibətlərində normallaşmaya böyük ehtiyacı var. Bu normallaşma olmayacaqsa, təbii ki, kommunikasiyalarının tam şəkildə açılması da ləngiyə bilər. Ona görə İran-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsi yeni bir mərhələnin başlanğıcıdır. Amma yeni mərhələ ola da bilər, müəyyən risklərlə üzləşə də bilər. Çox şey İranın özündən asılıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31