Avropa dairələrinin bu planı da Azərbaycan tərəfindən pozulacaq-Sahil Kərimli- ÖZƏL

"Ümumiyyətlə, son aylarda Qərb və Avropa dairələrinin Ermənistanın kütləvi şəkildə silahlandırılması istiqamətində sanki bir yarışa çıxdığının şahidiyik. Bu, çox böyük təəssüf doğurur".

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib:

"Bəyanatlarda, danışıqlar prosesində daim Cənubi Qafqazda sülh və təhlükəsizlik tərəfdarı olduqlarını, Ermənistanla Azərbaycan arasında sülhə dəstək olduqlarını bildirən, bəyan edən bu riyakar, ikiüzlü dairələr reallıqda sözlərinin əməlləri ilə üst-üstə düşməməsini nümayiş etdirirlər. Biz son dövrlərdə Ermənistanın kütləvi şəkildə silahlandırılmasının açıq-aydın şahidi oluruq".

S.Kərimli bunun Cənubi Qafqazda sülh və təhlükəsizliyi üçün çox ciddi zərbə olduğunu vurğulayır:

"Əlbəttə, Azərbaycanın Ermənistanı dərhal susdurmaq, sarsıdıcı və öldürücü zərbələr endirmək imkanları və qüdrəti var. Azərbaycan Cənubi Qafqazda həm siyasi, həm hərbi baxımdan söz, güc sahibidir. Ermənistanın silahlandırılmasından asılı olmayaraq, Azərbaycan istənilən halda döyüş meydanında Ermənistan ordusunu məhv etməyə qadirdir, amma bölgəmizdə niyə gərginlik olmalıdır? Niyə Cənubi Qafqazda hərbi qarşıdurmalar yaranmalıdır? Niyə Avropa və Qərb dairələri Ermənistanı silahlandıraraq, bölgəmizdə yeni müharibə və yaxud da münaqişə ocağı yaratmağa çalışmalıdırlar? Təbiidir ki, bütün bunlar məkrli və riyakar oyunlardır. Ermənistan üzərindən həyata keçirilən bu siyasətin kökündə Azərbaycana qarşı düşmənçilik siyasəti dayanır. Azərbaycana qarşı qərəz dayanır. Azərbaycana qarşı haqsız və ədalətsiz mövqe dayanır. Biz, təkcə son dövrlərdə yox, elə əvvəlki illərdə də həm Avropa dairələrinin, həm də Qərbin, ümumiyyətlə müxtəlif siyasi dairələrin, ölkələrin bizə qarşı bu murdar, yaramaz siyasətinin şahidi olmuşuq. Bu gün də bu siyasət Avropa Sülh Fondu adı altında davam etdirilir. Əslində isə bunun mahiyyəti daha çox hərbi xarakter daşıyan bir proqramdır. Bu proqramla Ermənistanın silahlandırılmasına yardım edilməsi, bu istiqamətdə maliyyə ayrılması məsələsi heç də gizli deyil, açıq aydın görünür və hiss olunur. Ona görə də biz belə ehtimal edə bilərik ki, həmin Avropa dairələri bu cür oyunlarla heç də irəli gedə bilməyəcəklər və onların planları əvvəlki illərdə olduğu kimi, bundan sonra da Azərbaycan tərəfindən pozulacaq və buna imkan verilməyəcək".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31