İranla Azərbaycan arasında münasibətlər nəhayət ki, normallaşacaq - ÖZƏL

"Biz bir dövlət olaraq heç vaxt qonşu dövlətlərlə, o cümlədən İranla qarşıdurma istəməmişik. Əksinə, çalışmışıq ki, bir sıra məsələlərdə hətta emosiyalarımızı cilovlayaq, mümkün qədər qonşu dövlətlə normal münasibətləri təmin edək".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Təəssüflər olsun ki, İranda bu məsələdə davranış bizimki kimi olmayıb. Yəni orada müəyyən birbaşa hakimiyyətə dəxli olan qüvvələr anti-Azərbaycan kampaniyaları aparıblar, Azərbaycana şər, böhtan atıblar, hədələr, tənələr eşitmişik və təbii ki, bu da qanqaraçılığa səbəb olub. Amma indi yeni prezident seçilib, ölkədə avqust ayında artıq vəzifəsinin başında olacaq. Bu müddət ərzində Azərbaycan da təmkinli davranır və görünən odur ki, münasibətlərin yenidən normallaşdırılmasına çalışır. İndi İran tərəfi bunu edəcəkmi, necə edəcək? Hər halda, yeni prezident vəzifəyə başlayandan sonra bu məsələnin üzərinə qayıtmaq olar.
Belə götürəndə, səfirliyimizin təkrar Tehranda fəaliyyətə başlaması və ümumiyyətlə İran tərəfinin o səfirliyin fəaliyyətə başlaması üçün daha çox canfəşanlıq etməsi, bütün bunlar fonunda belə demək mümkündür ki, iki dövlət arasında münasibətlər nəhayət ki, normallaşacaq və Azərbaycan İran daxilində olan və bizə də təsiri olan məsələlərlə bağlı yeni yanaşma sərgiləməli olacaq. Bəllidir ki, İranda 40 milyon, bəzən də daha çox sayda türk yaşamaqdadır və onların hər şeydən öncə ana dilinin yasaqlanması da sirr deyil. Bax, bu məsələlərin həlli üçün əlbəttə ki, Azərbaycan tərəfinin də xoşməramlı çağırışları olacaq, İran tərəfi bunu anladıqda, ortada heç bir problem qalmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31