Qlobal Media Forumunda əsas məsələ dezinformasiya məsələsi idi- ÖZƏL
25 İyul 2024 13:42 Siyasət"2-ci Şuşa Qlobal Media Forumunda çox vacib məsələlərə toxunuldu. Əvvəla nəzərə almaq lazımdır ki, Şuşa artıq mühüm məsələlərin müzakirə edildiyi dünyəvi bir dialoq platforması halına gəlibdir. Bununla neçənci dəfədir ki, Şuşada media və yaxud da siyasi cəhətdən önəmli, vacib müzakirələr aparılır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib:
İşğaldan azad edilən Şuşanın belə önəmli toplantı mərkəzi halına gəlməsi, beynəlxalq səviyyəli forumların, eyni zamanda, dialoq platformalarının burada təşkili Şuşanın bu sahədəki əhəmiyyərini və dəyərini növbəti dəfə göz önünə qoymuş olur. Nəzərə almaq lazımdır ki, hər dəfə keçirilən bu tip tədbirlər dünyanın saysız ölkəsindən siyasətçilər, media adamları Şuşaya gəlirlər, bu forumlarda dəyərli fikirlər səsləndirirlər. Eyni zamanda, işğaldan azad edilmiş bölgələrdə dövlətimizin həyata keçirdiyi quruculuq prosesini yaxından izləyirlər. Bu dəfəki Qlobal Media Forumunda əsas məsələ dezinformasiya məsələsi idi. Bu gün dezinformasiyalardan bütün dünya əziyyət çəkir. Özəlliklə 44 günlük Vətən müharibəsində qazandığımız qələbə və ötən il Xankəndidə keçiridiyimiz antiterror əməliyyatlarından sonra Azərbaycana qarşı "fake news" hücumları bir an olsun belə dayanmır. Təbii ki, Şuşada keçirilən və dünyadan xeyli sayda jurnalistin qatıldığı belə bir media forumunda dezinformasiya məsələsinin müzakirə edilməyi, həmçinin cənab Prezidentin bölgə, Azərbaycanın gələcək vizyonu ilə bağlı xarici media nümayəndələrinin suallarını cavablandırmağı 2-ci Qlobal Şuşa Media Forumunun əhəmiyyətini bir daha ortaya qoymuş olur. Həmçinin burada diqqət çəkilən məsələlər bütün dünya informasiya məkanını narahat etməli olan məsələlər idi".
Zeynəb Rzayeva