Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar mövcuddur- ÖZƏL
24 İyul 2024 12:06 Siyasət"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq Azərbaycanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Bu hədəfə çatmaq üçün ölkəmiz bütün lazım olan resurs və infrastuktura sahibdir. Məlum olduğu kimi, "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", "Abşeron" və "Ümid" qaz-kondensat yataqlarının çox böyük potensialları vardır və Azərbaycan Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün kifayət qədər qaz ehtiyatlarına malikdir". "Olaylar" xəbər verir ki, bunu YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov deyib: "Bu gün Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. Gürcüstan və Serbiya isə İttifaqa daxil olmaq üçün namizəd ölkələrdir. Yaxın vaxtlarda bu siyahıya Slovakiya və Sloveniyanın da əlavə olunacağı gözlənilir. Beləliklə, Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq və ölkəmiz bu imkanlardan maksimum yararlanmaq niyyətindədir".
Alim Hüseynli
Olaylar.az