Bölgənin sabitliyinə və təhlükəsizliyinə aparacaq reallıq..- ÖZƏL
23 İyul 2024 17:08 Siyasət"Bu gün Azərbaycan çoxvektorlu və balanslı xarici siyasət yürütməkdədir. Xüsusilə də münaqişədən sonra Azərbaycanın qlobal siyasi proseslərdə artan fəallığı, regional və beynəlxalq problemlərin həllində iştirakı, beynəlxalq platformalarda və təşkilatlardakı fəallığı və eyni zamanda mötəbər beynəlxalq tədbirlərə evsahibliyi etməsi onun göstəricisidir ki, Azərbaycan hazırkı qlobal dünyanın vacib elementlərindən biridir, kifayət qədər əhəmiyyətli bir güc mərkəzidir".

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Xüsusilə də regional səviyyədə Azərbaycanın yaratdığı geosiyasi reallıqlar, Azərbaycanın təşəbbüskarı olduğu regional layihələr, nəinki regionun, dünyanın diqqətinin məhz Azərbaycana yönəlməsinə vəsilə olmuşdur. Bunun ən bariz nümunəsi kimi noyabrda Azərbaycanın COP29-a ev sahibliyi etməsini biz misal çəkə bilərik. Dünyanın ən vacib, mötəbər tədbirlərindən biri olan COP29-un Azərbaycanda keçirilməsi onu göstərir ki, dünya birliyi Azərbaycanın yaratdığı reallıqlarla hesablaşır, Azərbaycanı dünyanın vacib parçası hesab edir və Azərbaycanın regional və qlobal məsələlərin həllindəki iştirakını yüksək qiymətləndirir. Ölkəmizin, xüsusən də münaqişədən sonra həyata keçirdiyi çoxvektorlu xarici siyasət sözsüz ki, Azərbaycanın Beynəlxalq səpgidə mövqeyini daha da möhkəmləndirmişdir. Ölkə başçısının bu yaxınlarda Londona səfəri və Avropa Siyasi Birliyi platformasında iştirakı həmin səfər çərçivəsində bir çox ölkələrin dövlət başçıları ilə görüşü, eyni zamanda son bir neçə ay ərzində ölkə başçısının Astanaya səfəri, Çinlə imzalanan Strateji Tərəfdaşlıq sazişi və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindəki səyləri, Türkiyə və Rusiya ilə görüşləri, Pakistana səfəri, İranla münasibətlərin normallaşması, o cümlədən Şuşada türk dövlət başçılarının sammitinin həyata keçirilməsi bir daha ölkəmizin qlobal və regional proseslərdə fəal iştirakının bariz nümunəsi kimi nəzərdən keçirilməlidir. Azərbaycan bu gün həm Şərqlə, həm Qərblə, həm Şimala, həmçinin cənubla balanslı, münasibətlər yürütməkdədir. Bu da ilk növbədə dövlətimizin milli maraqlarına xidmət edir. Ölkəmizin çoxvektorlu xarici siyasəti həm də ondan irəli gəlir ki, ölkəmiz kifayət qədər, həssas bir geostrateji mövqedə yerləşir. Elə bir regionda yerləşir ki, bu regionda regional güclərin böyük dövlətlərin sıx sıx toqquşması baş verir və bu toqquşmalar kontekstində ölkəmizin bu cür siyasət yürütməsi, sözsüz ki, təqdirəlayiqdir. Azərbaycan heç bir qütbün, heç bir gücün yanında yer almır və ilk növbədə çalışır ki, ölkənin rifahı təmin olunsun, Azərbaycan dövlətçiliyi möhkəmlənsin, Azərbaycan xalqının gələcəyi və sabitliyi təmin olunmuş olsun. Bu baxımdan Azərbaycanın yürütdüyü xarici siyasət, mən düşünürəm ki, əksər ölkələr üçün bir örnək olmalıdır. Xüsusilə də Cənubi Qafqazda yerləşən digər iki ölkənin xarici siyasətinə biz baxda görürük ki, bu balans həmin ölkələrin siyasətində laz müşahidə olunmur. Xüsusilə də Ermənistanın yürütdüyü sırf qərbyönlü siyasət hazırda Ermənistanı daha böyük bəlalara sürükləməkdədir və belə olan halda Ermənistan da məhz örnək kimi Azərbaycanı götürməli, eyni zamanda da Azərbaycanın uzatdığı sülh əlini geri çevirməməlidir. Azərbaycan Cənubi Qafqaz regionunda sabitliyin, inkişafın, əməkdaşlığın yaranması üçün əlindən gələni etməkdədir. Azərbaycan İkinci Qarabağ müharibəsində yeni bir geosiyasi reallıq yaratdı və bu geosiyasi reallıqla artıq bütün dünya hesablaşır. Çünki bu geosiyasi reallıq bölgənin sabitliyinə və təhlükəsizliyinə aparacaq bir reallıqdır".
Zeynəb Rzayeva