Azərbaycan uğurlu xarici siyasət həyata keçirir- ÖZƏL
23 İyul 2024 13:12 Siyasət"Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi kimi çətin geosiyasi şəraitdə uğurlu müstəqil xarici siyasət həyata keçirir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunur və daim milli maraqlara söykənir. Ölkəmizin iqtisadi sistemi təkmilləşir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atilır. Ən ciddi uğurlardan biri bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi barədə qəbul edilən qərardır. Belə bir mötəbər tədbirin məhz Azərbaycanda keçiriləcəyi gərgin fəaliyyətin, aparılan xarici siyasət kursunun doğru olduğunun göstəricisidir".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib:
"Ümumiyyətlə, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da toplantılarına dəvət alması və həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun ifadəsidir. İyunun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya səfəri və "Avropa Siyasi Birliyi" 4-cü Zirvə Toplantısı da bu mənada istisna deyil. Budəfəki tədbirə 45 nüfuzlu dövlət və hökumət başçısı ilə bərabər ilk dəfə olaraq NATO, ATƏT və Avropa Şurasının nümayəndələri də dəvət olunmuşdular.
Bundan öncə sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Mərkəzi Asiya ölkələrini birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı Şərq-Qərb vektoru üzərində ölkəmizin böyük siyasi çəkisi, coğrafi mövqeyi və iqtisadi uğurları ilə şərtlənir. Məlum olduğu kimi, məhz həmin sammit çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul edilmişdir ki, bu da Azərbaycanın yaxın gələcəkdə daha yüksək nailiyyətlər əldə etməsi üçün mühüm zəmindir. Astanada Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında keçirilən üçtərəfli görüş isə üç ölkə arasında strateji tərəfdaşlığın yüksələn səviyyəsini nümayiş etdirir".
Alim Hüseynli
Olaylar.az