Böyük Qələbəmizdə medianın rolu xüsusilə qeyd edilməlidir- ÖZƏL
23 İyul 2024 11:30 Siyasət"Dünyada informasiyanın artdığı, əksər hallarda dezinformasiyaların səhih məlumatları üstələdiyi bir vaxtda Azərbaycan mediası öz nüfuzunu və peşəkarlığını daha da artırdı. İnformasiya cəbhəsində öz mövqeyini möhkəmləndirdi".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib:
"44 günlük Vətən müharibəsi həm də media üçün bir sınaq dövrü oldu və Azərbaycan mediası informasiya müharibəsində də öz üstünlüyünü qorudu. Düşmənin təxribatlarının qarşısı yüksək peşəkarlıqla alındı. Biz 44 günlük Vətən Müharibəsində informasiya cəbhəsində də fəallıq nümayiş etdirdik. Erməni tərəfi dezinformasiya siyasətini davam etdirirdi. Ermənipərəst mövqedən çıxış edənlər, qərəzli yanaşma sərgiləyənlər də var idi. Bununla belə, dünya Qarabağda baş verənlərlə bağlı ən operativ və dəqiq məlumatları Azərbaycandan alırdı. Bu mənada Böyük Qələbəmizdə medianın rolunu da xüsusi qeyd etməliyik. Bu gün dünyada güc amili həm də informasiya mübarizəsində əldə edilən üstünlüklə xarakterizə olunur. Bu mənada döyüş meydanında savaş bitsə də, informasiya cəbhəsində mübarizə bitməyib və görünən odur ki, uzun müddət davam edəcək. Təsadüfi deyil ki, Türk dünyasına qarşı aparılan dezinformasiya kampaniyasını zərərsizləşdirmək istiqamətində səylərin birləşdirilməsinin də təşəbbüskarı Azərbaycandır. Azərbaycan-Türkiyə Ortaq Media Platforması bu baxımdan çox yaxşı nümunədir. Təcrübə göstərdi ki, postmüharibə dövründə də ortaq platforma fəal olmalıdır".
Alim Hüseynli
Olaylar.az