Britaniya ilə rəqib olmaqdansa, hər zaman dost olmaq daha yaxşıdır - ÖZƏL

"Azərbaycan prezidentinin Londona səfəri Azərbaycan diplomatik tarixində mühüm uğurlardan hesab etmək olar".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

"Ümumiyyətlə, Azərbaycanın Böyük Britaniya, Şimali İrlandiya Krallığı ilə münasibətləri kifayət qədər mühümdür. Azərbaycan ümumilikdə təkcə geridə qoyduğumuz son 25-30 il ərzində hərbi sahədə, iqtisadi sahədə deyil, həm də diplomatik, siyasi sahədə mühüm əlaqələr formalaşdırıb. Yəni biz təkcə torpaqların işğaldan azad edilməsi prosesi çərçivəsində ordu quruculuğunda deyil, həm də bunun müharibənin diplomatik masada da qələbə qazanması üçün təmaslarımız oldu ki, bunlardan bəlkə də ən önəmlisi Britaniya və Şimali İrlandiya Krallığı ilə münasibətlər oldu. 
Aydın məsələdir ki, Böyük Britaniya anqlo sakson diplomatiyası dünyanın diplomatiya mərkəzi sayılır və Azərbaycanın bu dünyanın keçmiş super gücü, bu gün isə yenə də söz sahibi olan ölkəsi ilə münasibətləri bir çox sahədə bizim uğurlarımızın ən önəmli sirrlərindən bəlkə də biri oldu. Bu mənada, əslində prezidentin Londona səfəri, buradakı görüşlər, təmaslar olduqca önəmli idi. 
Azərbaycan-Böyük Britaniya münasibətləri təbii ki, bu günə qədər uğurla inkişaf edib və bu gündən sonra da davam edəcək və xüsusi bir məqamı qeyd edə bilərəm ki, Azərbaycan-Britaniya münasibətləri əsasən sovetlər dövrünə təsadüf edir. Biz hər nə qədər müstəqil olmasaq da, o dövrlərdə də kifayət qədər krallıqla əlaqədar olub. Bu müstəqillik tarixinə baxdıqda, xüsusilə ümummilli lider Heydər Əliyevin Britaniya Krallığı ilə münasibəti hər zaman yaxşı olub. İngilis səfirlərin buradakı fəaliyyətləri, ən önəmlisi isə Azərbaycan BP şirkətinin fəaliyyəti hər şeydən önəmlidir. Həmin o BP şirkətidir ki, bu gün bizim neft hasilatımızda önəmli bir paya sahibdir. Amma bu pay bizə iqtisadi qazancdan əlavə, həm də diplomatik toxunulmazlıq gətirir. Yəni Britaniyanın maraqları olan ölkələr hər zaman toxunulmaz ölkələr sayılır. Azərbaycan həm də Britaniyanın bu nüfuzlu super gücü, keçmişi və bu gün də keçərli olan anqlo sakson diplomatiyasını maksimum dərəcə istifadə edib və bu, Britaniya tərəfindən çox yaxşı başa düşülür. 
Qarşılıqlı maraqlar kontekstində bizim Britaniya münasibətlərimiz davam edir və bu gün də davam etməkdədir. Təbii ki, indi torpaqları işğal azad etmək o demək deyil ki, bizim münasibətlər bitməlidir və yaxud da ki, durğunluq dövrü keçirəcəkdir. Xeyr, Britaniya ilə rəqib olmaqdansa, hər zaman dost olmaq daha yaxşıdır. Bu proses gələcəkdə də bizim üçün önəmlidir. Çünki hələ Azərbaycanın kəşf ediləcək yeni neft, qaz yataqları var. Onların istismarı müstəvisində bizim BP şirkətindən təmaslarımız olacaqdır. Bundan əlavə, 44 günlük müharibə, yəni, torpaqlarımızın işğaldan azad edilməsi sonrası xarici siyasətimizdə balans siyasəti davam etsə də, yeni maraqlar, yeni tendensiyalar və yeni geosiyasi reallıqlar fonunda rəsmi Bakının da atacağı addımlar var. Bu addımlar kontekstində biz yenə Britaniya kimi etibarlı bir dost, müttəfiq ölkəni yanımızda görə bilərik. 
Bir digər xüsusi məsələni qeyd etmək lazımdır ki, ümumiyyətlə, prezident İlham Əliyev özünün Britaniya Kral ailəsi ilə təmasları, münasibətləri də əslində kifayət qədər mühüm bir məqamdır. Çünki Britaniya Kral ailəsi protokollardan irəli gələrək hər ölkə hakimiyyəti ilə bu qədər yaxın münasibəti olmur. Əslində bu belə özlüyündə prezidentin xarici siyasətdə şəxsi münasibətlər kontekstinin ön plana çıxarmasının nə dərəcədə vacibliyini bizə göstərir. 
Dediyim kimi, qarşıda bizi yeni tendensiyalar, yeni reallıqlar və geosiyasi məqamlar gözləyir. Britaniya hər şeydən önəmli Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir və bu beş daimi üzvün biri olması veto hüququna malik olması deməkdir. Əslində bu günə qədər bizim əleyhimizə başda Fransa olmaqla bir çox dövlətlərin qəbul etdirməyə çalışdığı qətnamələrə veto qoyan ölkələrdən biri də məhz Böyük Britaniya və Şimali İrlandiya Krallığıdır. 
Bütün bu faktlara əsasən deyə bilərik ki, münasibətlərimizin gələcək inkişafı bizim üçün prioritet təşkil edir. Bizim Avropada Britaniya kimi, İtaliya kimi, Macarıstan kimi güclü müttəfiq, həmçinin tərəfdaş və stratejik əməkdaşlıq etdiyimiz ölkələrin olması, Fransa kimi və bu qəbildən olan daha çox ermənipərəst siyasəti ilə seçilən dövlətlərə dərs, güc nümayişi olacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31