Ölkəmizə qarşı hücumların arxasında erməni lobbisi dayanır- ÖZƏL
22 İyul 2024 14:19 SiyasətÖlkəmizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisinin və onlarla əməkdaşlıq edən müxtəlif siyasi-iqtisadi maraqları olan xarici qrupların dayanması heç kəsə sirr deyil. Belə şər qüvvələrin məqsədləri Azərbaycanı ləkələmək, ölkəmiz haqqında təhrif olunmuş məlumatlar yaymaqdır".

"Olaylar" xəbər verir ki, bunu millət vəkili Rəşad Mahmudov deyib:
"Yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mövzusu ilə bağlı suala cavabında Prezident İlham Əliyev bu destruktiv fəaliyyətin həyatımızın bir hissəsinə çevrilməsindən təəssüfləndiyini bildirdi. Dövlət başçısı vacib məsələnin müzakirəsinə toplaşan çoxsaylı media nümayəndələrinin diqqətinə çatdırdı ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur və ölkəmiz barədə təqdim edilən faktların manipulyasiyasına, yanlış təsəvvürlərə yol verilir. Əlbəttə, saxta və yalan məlumatlara əsaslanan kampaniyaların qlobal miqyasda vüsət aldığı bir şəraitdə Azərbaycan dövlətçiliyinin maraqlarını müdafiə etmək, vətəndaşlarımızın dolğun və etibarlı məlumat almaq hüquqlarını təmin etmək hər bir dövlətin qarşısında dayanan əsas vəzifələrdən biridir. Azərbaycan mediası da bu çətin, eyni zamanda, məsuliyyətli və şərəfli vəzifənin öhdəsindən gəlmək üçün resurslarını cəmləşdirərək bu sərhədsiz və qaydasız savaş açanlara qarşı mübarizə aparır. Bu strateji məsələ dövlət rəhbərliyinin də diqqət mərkəzindədir".
Alim Hüseynli
Olaylar.az