Milli mətbuatın formalaşması və inkişafı bilavasitə Ulu Öndərin adı ilə bağlıdır- ÖZƏL
22 İyul 2024 12:59 Siyasət"Müasir Azərbaycan mətbuatının formalaşması və inkişafı bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. İstər SSRİ dönəmində, istərsə də müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərliyi bütün digər sahələrdə olduğu kimi, jurnalistikanın da dinamik inkişafı üçün əlverişli zəmin yaratmışdır. Xüsusilə 1993-cü ildən etibarən demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ulu Öndərimizin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artıb çoxalmışdır. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər Heydər Əliyev ölkəmiz o dövrdə hələ müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar oldu, habelə qəzet və jurnal bolluğu yarandı". "Olaylar" xəbər verir ki, bunu YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə deyib: "Ölkəmizdə Milli mətbuatın inkişafına yönəlmiş mühüm təşəbbüslərdən biri də yubiley tarixlərinin qeyd olunması ilə bağlıdır. Belə ki, ilk öncə Ümummilli Lider Heydər Əliyevin, 2003-cü ildən etibarən isə Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Milli mətbuatımızın 125, 130, 135, 140 və 145 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunmuşdur. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə, mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin etmişdir.
Kütləvi informasiya vasitələrinə birdəfəlik yardımların edilməsi, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün yaşayış evlərinin tikilib istifadəyə verilməsi bu sahəyə göstərilən xüsusi qayğının bariz nümunəsidir. Bu gün ölkəmizdə yüzlərlə müxtəlif kütləvi informasiya vasitəsi - qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri fəaliyyət göstərir. Bu gün Azərbaycanda böyük bir jurnalist ordusu yetişib".
Alim Hüseynli
Olaylar.az