Dövlətimizə və millətimizə qarşı yalan informasiyaların çox şahidi olmuşuq- ÖZƏL

"Milli mətbuat günü ərəfəsində Şuşada "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 50 ölkədən media nümayəndələrinin iştirakı ilə keçirilən 2-ci Şuşa Qlobal Media Forum ilk növbədə adı baxımından diqqəti cəlb edir. Yaxşı məlumdur ki, bu gün dünyada yalan informasiyalar baş alıb gedir, onların düzgünlüyünü yoxlamaq zaman aparır, belə yalanlara bəzi insanlar inanır, yalan informasiyaların  mənfi təsirləri çox olur. Xüsusən, dövlətlər arasında rəqabətin artdığı, süni intellektdən istifadənin genişləndiyi bir zamanda yalanlar daha da  artır. Dövlətimizə və millətimizə qarşı belə yalanların şahidi çox olmuşuq".

"Olaylar" xəbər verir ki, bunu milət vəkili Musa Qasımlı deyib:

"Belə bir ata sözümüz vardır:  "Yalan ayaq tutar yeriməz." Amma indi elə bir zamana gəlib çıxmışıq ki, yalan az qala ayaq da tutur, yeriyir də.  Belə bir deyim də var ki, sən rəqibinə çirkab at, rəqibin atılan çirkabı təmizələyənə qədər sən öz işlərini gör. Yalanın ifşası həmişə zaman aparır. Ona görə də hesab edirəm ki, bu forum dünyadakı media qurumlarına bir örnək olacaqdır. Azərbaycan yenə də nümunə göstərir.
    "Euronews" televiziyasının aparıcısı və prodüseri xanım Rebekka Maklaflin-İsthamın moderatorluğu ilə keçirilən forumda cənab Prezident İlham Əliyevin iştirakı,  verilən suallara cavabları  bir sıra məsələlələrə həm aydınlıq gətirir, həm də yalan informasiya yayanlara bir cavabdır, dərsdir.
      Cənab Prezidentin giriş nitqində dediyi üç fikir yaranmış yeni reallıqlardan və Azərbaycanın artan rolundan xəbər verir. Birincisi,  Cənubi Qafqaz regionunda  tarixi transformasiya, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Bu o deməkdir ki, əvvəllər hökm edənlər artıq sıradan çıxır, Türk Dövlətləri Təşkilatı yeni güc mərkəzi kimi yaranır və digər ölkələrlə uğurlu əməkdaşlıq formaları qurulur.
    İkincisi, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işlərlə bağlı Azərbaycan cəmiyyəti  olduqca nikbindir və  işlərə çox həvəslə yanaşır, bu, müvəffəqiyyətə nail olması üçün əsas amildir. Məlum olduğu kimi, nikbinlik özü-özündən yaranmır. Bu nikbinlik onunla bağlıdır ki,  Azərbaycan cəmiyyəti   uzun illər can atdığı məqsədlərin artıq reallığa çevrildiyini görüb. 1988-ci ildən bəri cəmiyyətimiz bu gününə və sabahına indiki kimi heç vaxt nikbin olmayıb. 
   Üçüncüsü, hər bir ölkədə rahatlıq və təhlükəsizlik vacib amildir. Bu gün Azərbaycan bütün vətəndaşların, ölkəyə gələnlərin hamısının rahat və təhlükəsiz yaşaması üçün ən etibarlıdır. Rahatlıq və təhlükəsizlik də özü-özündən yaranmır".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31