Bu gün Azərbaycan və Çin strateji tərəfdaşdırlar- ÖZƏL
19 İyul 2024 17:41 Siyasət"Astanada baş tutan Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Çin rəhbəri Si Cinpinin arasında görüş baş tutub. Bu görüş iki ölkə arasındakı münasibətlərib tarixində mühüm bir iz qoydu".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib:
"O baxımdan ki, iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasına qərar verildi. İki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə müxtəlif sahələrdə-ticarət, iqtisadiyyat, kommunikasiya, Orta Dəhlizin inkişaf etdirilməsi, yaşıl enerji istehsak və emalı və digər sahələrdə əməkdaşlığa dair razılaşma imzalandı. Bu razılaşmalar iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir. Bu gün Azərbaycan Çinin, Çin Azərbaycanın strateji tərəfdaşıdır. İki ölkə arasındakı münasibətlərin inkişafı yalnız ölkələrin strateji maraqlarından deyil, həm də iki ölkə arasında qarşılıqlı etimada və səmimiyyətə əsaslanan dostluq münasibətlərindən irəli gəlir. Ümumilikdə iki ölkə arasındakı münasibətlərin tarixinə nəzər salsaq 1992-ci ildə Çin Azərbaycan arasında diplomatik münasibətlər quruldu. Həmin vaxtdan bu günə kimi iki ölkə başçıları, həm də digər səviyyələrdə qarşılıqlı şəkildə səfərlər həyata keçirildi. Bu səfərlərdə əldə olunan razılaşmalarla ölkələr arasında əməkdaşlıq ildən-ilə daha da irəliyə doğru inkişaf etmiş oldu. Çinin Azərbaycanda və regionda bir sıra maraqları var. Bunların önündə ticarət və investisiya maraqları gəlir. Eyni zamanda, Çinin irəli sürdüyü "bir kəmər, bir yol" layihəsinin önəmli komponentlərindən biri də Orta Dəhliz, yəni Transxəzər nəqliyyat dəhlizidir ki, burada Azərbaycan böyük pay sahibidir".