Bu Cənubi Qafqazda sülh prosesinin tənzimlənməsinə növbəti zərbədir..- ÖZƏL
18 İyul 2024 18:16 Siyasət"Avropa Siyasi İcmasının lV Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşü planlaşdırılmışdı. Bu ilin əvvəlində Almaniyada keçirilən təhlükəsizlik konfransı formatına uyğun bir görüşün keçirilməsi gözlənilirdi".
Bu fikirləri politoloq Anar Əliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Münxendə Olaf Şoltsun görüşü təşkil etdiyi kimi, iki lider arasında görüşün ilk vaxtlarında Böyük Britaniya baş nazirinin də iştirak edəcəyi, sonra isə müzakirə masasını tərk edərək tərəflərin birbaşa danışıqlar aparmağına şərait yaradılacaqdı. Təəssüf ki, bildiyimiz kimi, Ermənistan baş nazirinin bu görüşdən imtinası ilə görüş baş tutmadı. Hesab edirəm, burada bir çox ciddi məqamlar gizlənir. Başlıca olaraq bu, bir daha Ermənistanın uzun müddət ağızdolusu danışdığı sülh prosesinə nə qədər "hazır, səmimi" olduğunu bir daha göstərdi. Ermənistanın bu mövqeyi açıq - aydın Ermənistanın sülhə hazır olmadığını, Azərbaycanla indiki şərtlər daxilində, Azərbaycanın irəli sürdüyü təməl prinsiplər əsasında sülhə, danışıqlara hazır olmadığını və bu danışıqlarda maraqlı olmadığını göstərdi. İkincisi, təbii ki, burada vacib məqamlardan biri Avropa siyasi icması çərçivəsində keçirilən görüşlərdə hər zaman Ermənistanın özünə arxa dayaq axtardığını, Fransanın timsalında bu dayağı hər zaman gördüyünü, Fransanın bu görüşlər çərçivəsində beynəlxalq hüquq prinsiplərinə və vasitəçilik missiyasının fəlsəfəsinə zidd olaraq hər zaman tərəf tutduğunu və bu tərəfkeşlik çərçivəsində məsələ ilə yanaşmasını müşahidə etmişdik. Ona görə də hesab edirəm ki, ikinci vacib məqam Makronun timsalında Ermənistanın özünə dayaq tapa bilməməsi səbəbindən bu danışıqlardan, bu görüşdən imtinasıdır. Üçüncü vacib məqam təbii ki, Azərbaycan Prezidenti ilə təkbətək, tərəfdaşının, himayədarının olmadığı görüşdə üzləşə biləcəyi çox ciddi suallarla bağlıdır. Çünki bütün dünyanın gözü qarşısında Ermənistan baş naziri Azərbaycan Prezidentinin bu tutarlı sualları ilə üzləşmək və bu suallar qarşısında çıxılmaz vəziyyətə düşmək istəmədiyi üçün bu görüşdən imtina etdi. Çünki baş nazir çox gözəl bilir ki, Azərbaycan Prezidentinin bu prosesdə mövqeyi birmənalı və qətidir. Azərbaycan sülh prosesinə hazır olduğu kimi, Ermənistanın da manipulyativ davranışlarının mahiyyətini ifşa etmək, dünya ictimaiyyətinə bir daha açıqlamaq istəyində, iradəsində, mövqeyindədir. Biz proseslərə, danışıqlara necə səmimi yanaşırıqsa, qarşı tərəfdən də eyni münasibətləri gözləyirik və bunu görmədikdə, tam əksinə, şou xarakterli davranışlar manipulyativ addımlar, bəyanatlar müşahidə etdikdə, təbii ki, bu, bizim sərt reaksiyamızla, üzləşəcəkdir ki, üzləşir də. Ona görə hesab edirəm ki, Paşinyanın bu görüşlərdən imtinasında ən mühüm səbəblərdən biri də budur. Amma eyni zamanda dördüncü mühüm istiqamət də var. Çünki Böyük Britaniyanın, Avropa Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə belə bir görüşün təşkil olunması bir sıra Qərb dairələri tərəfindən heç də xoş qarşılanmır. Xüsusilə də indiki şərtlər daxilində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından bölgə dövlətlərinin, xüsusilə də Rusiyanın, Çinin və Türkiyənin daha qazanclı çıxacaqlarını bildikləri üçün Fransa kimi, ABŞ kimi dövlətlər bu danışıqlar prosesini mümkün qədər uzatmağa çalışırlar. Ən azı Rusiyanın bölgədən sıxışdırılıb çıxarılacağı dövrə qədər proseslərin indiki şərtlər daxilində ciddi şəkildə irəliyə getməsinə imkan vermək istəmirlər. ABŞ-də yaxın aylarda prezident seçkiləri keçiriləcəkdir və Bayden administrasiyasının başı öz daxili işlərinə-seçkilərə qarışıbdır. Bu mənada Azərbaycanla Ermənistan arasında, Cənubi Qafqazda münasibətlərin tənzimlənməsinə ABŞ-nin təmsilçiliyi , iştirakı ilə müəyyən irəliləyişlərin əldə olunmasına maraqlı olsalar da, bu dividenti kiməsə vermək istəmirlər və bunu başqa bir dövlətin başqa bir gücün əli ilə reallaşmasına da imkan vermək istəmirlər. Hesab edirəm ki, digər vacib amil bununla bağlıdır. Bu mənada hesab edirəm ki, Paşinyan sadaladığımız bir neçə ciddi səbəblər baxımından Azərbaycan Prezidenti ilə görüşdən imtina etdi. Bu isə Cənubi Qafqazda sülh prosesinin tənzimlənməsinə növbəti zərbə kimi eyni zamanda reallıqların şərtlərinin qəbul edilməsi istiqamətində Ermənistanın tək Ermənistan cəmiyyətində deyil, həm də Ermənistanın siyasi elitasında da qəti və dəqiq mövqeyin, iradənin olmadığını bir daha göstərdi. Bu proses Azərbaycan Prezidenti cənab İlham Əliyevin qəti və sərt mövqeyində nə qədər haqlı olduğunu bir daha göstərdi, bir daha nümayiş etdirdi. Hesab edirəm ki, bu, Azərbaycanın proseslərdə yeganə sülhə hazır olan tərəf olduğunu bir daha nümayiş etdirmiş oldu".
Zeynəb Rzayeva