Sülh sazişi konstitusiya dəyişikliyi olmadan imzalanarsa…- ÖZƏL

"Ermənistanda konstitusiya dəyişikliyi Azərbaycanın sülh danışıqları prosesində əsas tələblərindən biridir".

Bu fikirləri Nikol Paşinyanın Ermənistan Konstitusiyasını dəyişdirməyə başlaması üçün rəsmi Bakıdan iki il vaxt istəməsini Olaylar.az-a şərh edən Əli Zülfüqaroğlu deyib:

"Azərbaycan doğru olaraq hesablayır ki, əgər sülh sazişi konstitusiya dəyişikliyi olmadan imzalanarsa, Ermənistanda hansısa dövrdə hakimiyyə dəyişikliyi baş verəcəyi və Ermənistan üçün münbit geosiyasi zəmin yaranacağı halda, Ermənistanın yeni höküməti Konstitusiya Məhkəməsinə müraciət edərək sülh sazişini ləğv edə və ya tanımaya, bununla da yenidən Azərbaycana qarşı işğalçılıq niyyətlərini həyata keçirməyə cəhd edə bilərlər. Ona görə də Azərbaycan bu tələbində haqlı və qərarlıdır. ABŞ-nin də Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında tərəfləri kompromisə çağırması məsələsi var. Burada kompromislərdən biri Azərbaycanın bu tələbini müəyyən müddətdə təxirə salması və ya bundan imtina etməsi ola bilər. Paşinyanın bu açıqlaması da hesab edirəm ki, ABŞ ilə koordinasiya olunur. Eyni zamanda ABŞ höküməti seçkidə erməni lobbisinin dəstəyini qazanmaq, Ermənistanın ideoloji əsaslarının yer aldığı konstitusiyanın dəyişməsini və erməni lobbisinin hakimiyyətə təsirlərinin sıfıra endirilməsini aradan götürmək üçün Azərbaycana bu təklifi verə bilər".

Ə.Zülfüqaroğlu Azərbaycanın bu təklifə "hə" deyəcəyini hesab etmir.

"Bu, prinsipial məsələdir və uzaq perspektivə hesablanan hədəflərdən biridir. Separatizm təhlükəsinin aradan qaldırılmasına hesablanıb. Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyan Vətən müharibəsindən öncə Azərbaycan dövlət başçısı İlham Əliyevə söz vermişdi ki, Prezident İlham Əliyev ona zaman versin və o, müəyyən müddət sonra bu problemi həll edəcək. Amma bundan sonra nəyi müşahidə etdik? "Valday" formunda Paşinyan  "Qarabağ Ermənistandır və nöqtə" ifadəsini işlətməklə öz sözünün üzərində durmadı. Eyni zamanda sülh danışıqları prosesində də biz, Ermənistan hakimiyyətinin ziddiyyətli açıqlamalarının şahidi oluruq. Ermənistan höküməti bu gün açıqladığı məsələni səhəri gün təkzib edə bilir. Ona görə də Ermənistan güvəniləcək ölkə olmadığı üçün Azərbaycan rəhbərliyi Ermənistanın bu təklifinə heç bir zaman "hə" deməyəcək. Konstitusiya dəyişikliyi məsələsi sülh danışıqlarında prioritet olaraq qalacaq".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31