Azərbaycan tərəfi bu ikili standartı görür və buna qarşı mexanizmlər formalaşdırır- ÖZƏL
18 İyul 2024 17:41 Siyasət"Bu məsələyə iki prizmadan yanaşmaq lazımdır. Birincisi, Azərbaycan, digəri isə Birləşmiş Ştatlarının maraqlarından baxmaq məsələsidir. Əlbəttə, Azərbaycan tərəfindən məsələyə baxanda biz obyektiv yanaşma görürük. Nədir bu obyektiv yanaşma? Azərbaycan tərəfi zəif olduğu, cəbhədə üstünlüyü və müəyyən ərazilərini itirdiyi 1990-cı illərdə nə şərt qoyuldusa, 2020-ci ildən sonra işğalı düşmən ordusunu darmadağın etdik və ümumiyyətlə, regionda bütün hərbi siyasi üstünlüyü öz əlinə aldığı bir reallıqda da eyni tələblərdən, eyni şərtlərdən çıxış etdi. Gücləndikcə şərtini dəyişmədi, gücləndikcə daha çoxunu istəmədi.".
.jpg)
Bu fikirləri politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:
"Haqqı nədirsə, hüquq, beynəlxalq qaydalar nəyi tələb edirsə, məhz o istəklərində qaldı. Amma Amerika tərəfi nə istəyir? Baxın, Amerika tərəfi 2018-ci ilə qədər, yəni Paşinyan iqtidarının qurulmasına qədər bu məsələlərə bir az daha fərqli yanaşırdı. Bir çox məsələlərdə yeri gəldikdə, Amerika Birləşmiş Ştatları Ermənistandan daha çox Azərbaycan tərəfi ilə məsləhətləşirdi. Çünki o zamanlar Ermənistan Rusiya və onun de-fakto rəhbərlik etdiyi bloka yönəlmiş bir Ermənistan idi. Ancaq Nikol Paşinyan iqtidarının Ermənistana gəlməsi və burada yanaşmanın dəyişməsi, Ermənistanın artıq Qərb blokuna üz tutmasından sonra Amerikanın, Fransanın, ümumiyyətlə, Qərbin əvvəl də mövcud olan ikili standartının artıq öz çılpaqlığı ilə büruzə verdiyini gördük. Bu da qəbuledilməzdir. Əlbəttə ki, əgər ABŞ Azərbaycandan güzəştlər gözləyirsə, Azərbaycanı tələsdirirsə və problemin həlli üçün sadəcə tək günahkar Azərbaycanmış kimi davranırsa, bu tamamilə onun öz maraqlarının təmin edilməsi istəklərindən irəli gəlir. Qeyd etdiyimiz kimi, Ermənistanda qərbmeylli bir iqtidarın formalaşması onlar üçün müstəsna haldır və onlar çalışırlar ki, Cənubi Qafqazda bağlanacaq sülh nə olursa olsun, həmin iqtidarın, həmin tərəfin, yəni Ermənistanın, Paşinyan iqtidarının ürəyincə olsun. Əlbəttə, Azərbaycan tərəfi də buna boyun əyməyəcək. Bu ikili standartı görür, bilir və buna qarşı mexanizmlər formalaşdırır. Düzdür, buna qarşılıq gedib Şərq blokunu seçəcək, Rusiya və ya Çinlə təktərəfli əlaqələr quracaq da deyil. Ancaq 30 il əvvəl hansı təcrübədən yola çıxdısa, hansı şəkildə dünya ilə əlaqələr formalaşdırdısa eyni şəkildə davam edəcək. Qərb Şərq seçiminə getməyəcək. Fransanın ABŞ-nin, elə Rusiyanın da antiazərbaycan addımları varsa, ona öz metodları ilə öz cavablarını verəcək. Bütün problemli məsələlərdə 30 il əvvəl olduğu kimi səbr edərək, zamanı gözləyərək öz həll yollarını əvvəl-axır reallaşdıracaq. O ki qaldı Amerika Birləşmiş Ştatlarının bu ikili standartına və birmənalı olaraq Ermənistan tərəfini haqsız olduğu məsələlərdə belə üstün tutmasına, bu, əlbəttə ki, sonu olan bir reallıqdır. Bu son nədən ibarətdir? Bir gün yenidən Ermənistanda iqtidar dəyişikliyi olduqda, yenidən orada rus meylli və yaxud çin meylli və yaxud hər hansı anti ABŞ qüvvə meyilli bir iqtidar formalaşdırdıqda, Amerika Birləşmiş Ştatlarının da bu ikiüzlülüyü mütləq şəkildə bitəcək, bitməsə də ən azından müəyyən qədər yumşaldacaq".
Zeynəb Rzayeva