Azərbaycan üçün görüşün imtinası heç bir əhəmiyyət kəsb etmir- ÖZƏL
18 İyul 2024 17:13 Siyasət"Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev məsələyə münasibət bildirib: bu o deməkdir ki, Nikol Paşinyan sülh gündəliyindən uzaqlaşır və sülhlə bağlı yenidən problem yaradır. Bəli bu əslində belədir".

Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlamasında bildirib:
"Amma mən düşünürəm ki, bu Paşinyanın suveren qərarı deyil. Çox güman ki, onun "xozeyin"i Fransa prezidenti Makron istəyib ki, İlham Əliyevlə görüşsün və bizim Prezidentimiz onun görüşündən imtina edib. Nəticədə Makron belə bir vəziyyətdə, bu tərzdə cavab verir. Faktiki olaraq dövlət rəhbərləri dolaşıq məsələlərlə bağlı kiçik bir imkan düşərsə, onu əldən vermirlər. Çalışırlar ki, o imkandan istifadə etsinlər, fikir mübadiləsi aparsınlar. Hər hansı bir nəticə əldə olunarsa, o da işin xeyirinədir. Amma görürük ki, Paşinyan özünü çox məsuliyyətsiz aparır. Bir daha qərar vermə imkanlarının çox məhdud olduğunu, həm özünün, həm ölkəsinin asılı vəziyyətdə olduğunu göstərir. Belə bir görüşdən imtina etməsi göstərir ki, bu adamın ixtiyarı özündə deyil. Ancaq buyruq, tapşırıqla oturub-durur. Azərbaycan üçün görüşün imtinası heç bir əhəmiyyət kəsb etmir. Biz heç nə itirmirik, itirən Ermənistan özüdür. İstəyirlər sülh sazişini imzalasınlar, istəyirlər imzalamasınlar. Azərbaycan heç kəsdən heç nə xahiş edən deyil. Burada vəziyyətə hakim kəsilən Ermənistan deyil, bizik".
Zeynəb Rzayeva